Məşhur şirkətin qurucusu süni zəka ilə "dirildi"

 09:15 03.12.2024     996

"Panasonic"in qurucusu ölümündən təxminən 40 il sonra süni intellektdən istifadə edərək "dirilib".

Redaktor.az-ın məlumatına görə, şirkətin təsisçisi Konosuke Matsuşitanın  süni intellekt vasitəsilə rəqəmsal əkizi yaradılıb.

Bu layihə onun səsyazmalarına, çıxışlarına və 3000-dən çox audio məlumatına əsaslanaraq əfsanəvi sahibkarın danışıq və düşüncə tərzini geri qaytarmağa imkan verir.

Yaponiyada "idarəetmə tanrısı" adlandırılan Matsuşita ölkənin ən böyük biznes liderlərindən biri hesab olunur.

Onun süni zəka versiyası öz təcrübələrini yeni nəsil işçilərlə bölüşmək üçün hazırlanıb. Çünki getdikcə daha az insan ondan birbaşa öyrənmək imkanına malikdir.

Texnologiya Tokio Universitetinin Matsuo İnstitutu ilə birgə hazırlanıb. "Panasonic" rəqəmsal əkizdən təkcə şirkətin fəlsəfəsini çatdırmaq üçün deyil, həm də biznes qərarlarına kömək etmək üçün istifadə etməyi planlaşdırır.

1989-cu ildə vəfat edən Matsuşita "Panasonic"i məişət elektronikasının ön sıralarına çıxarıb  və onun kitabları yapon iş adamları üçün istinad kitabı olaraq qalır.

Sevinc İBRAHİMZADƏ