ChatGPT "Google"u sıradan çıxaracaq? - Ekspert: "Bu alət insanları yanlış fikrə yönəldir"
Süni intellektin inkişafı, istifadəçilərinin sayı artmağa davam etdikcə "Google" populyarlığını itirməyə başlayıb. ChatGPT və bu kimi müasir texnologiyalar sürətli və dəqiq cavablar təqdim etdiyi üçün gənc nəsli cəlb edir.
Bəs ChatGPT "Google"u tamamilə sıradan çıxara bilərmi?
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Redaktor.az-a açıqlamasında onların fərqliliklərini izah etdi:
"Əgər biz həyatımızda yaranan suallara cavab tapmaq istəyiriksə, bu, fərqli yanaşma tələb edir, yox, əgər konkret hər hansı xidmətləri, məhsulları, mənbələri və s. axtarmaq istəyiriksə, başqa bir yanaşma edirik. Bu nöqteyi-nəzərdən ChatGPT və "Google" bir-birindən fərqlənir. ChatGPT hər hansı məlumat almaq üçün tam olaraq köməkedici alətdir. Amma bu alətə birmənalı olaraq müsbət yanaşmaq olmaz. Çünki bəzi hallarda ChatGPT özündən məlumatlar uydurur, insanları yanlış fikrə yönəldir. Məsələn, ABŞ-də hüquqşünaslar bir işlə bağlı müdafiəyə hazırlaşırdılar. Onlar ChatGPT vasitəsilə müxtəlif məlumatlar əldə edərək məhkəmədə səsləndiriblər və dezinformasiya olduğu üzə çıxıb".
Mütəxəssisin sözlərinə görə, ChatGPT-nin bilikləri internetdə olan informasiyalar əsasında formalaşır və bu, o demək deyil ki, həmin biliklər həmişə düzdür:
"Çünki hər bir mənbəni doğru saymaq olmaz. "Google" axtarış sistemində isə istifadəçilər konkret cavablar yox, mənbələr axtarır. Əslində, "Google"un özünün də süni intellekti var - "Gemini" adlanır və tətbiqinə başlayıb. Ancaq biz elə bilməməliyik ki, süni intellekt varsa, bu, bütün problemlərimizi həll edir və ancaq ondan istifadə etməliyik. Yaddan çıxartmayaq ki, "Google"un əsl rəqibi ChatGPT deyil, bazarda başqa yeni brauzerlər də meydana çıxıb. Bu brauzerlər süni intellekt üzərində axtarış edirlər. Məsələn, əgər siz kofe içmək istəyirsinizsə, proqram sizin fəaliyyətinizi nəzərə alaraq, sizə kofe içə biləcəyiniz kafelərin lokasiyasını təqdim edəcək, istiqamətləndirəcək".
F.Kazımov qeyd etdi ki, texnologiyanın gələcəyi üçün üç istiqamətin vəhdəti güclü və sürətli ola bilər: süni intellekt, biotexnologiyalar və avadanlıqlar.
"Bu zaman biz süni texnologiya sahəsində böyük sıçrayışın şahidi olacağıq. Bu, həm insan fəaliyyətinə birbaşa təsir edəcək, həm də bizim sağlamlıq və s. kimi məsələlərdə rol oynayacaq. Bir neçə il əvvələ qədər investorların yeni trendlərə çox böyük maraqları var idi və külli miqdarda investisiya qoyurdular. Məhz süni intellekt də belə startaplardandır. Artıq bu məsələ yavaşlayıb, həmin investisiyaların həcmi azalmağa başlayıb. Çünki anladılar ki, süni intellekt sadəcə olaraq mövcud informasiyaları analiz etməkdir və insan beyni səviyyəsinə çatmır. Əlbəttə, bu istiqamətdə iş aparılır. Mən əminəm ki, yaxın gələcəkdə süni beyin insanın fəaliyyətini keçəcək", - deyə mütəxəssis bildirdi.
Sevinc İBRAHİMZADƏ