"Mercedes" elektromobilləri dolduran boya icad etdi
Almaniyanın "Mercedes-Benz" avtomobil istehsalçısı enerji istehsal edən və elektrik avtomobillərini doldura bilən unikal boyanın yaradılmasından danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə "TechSpot" məlumat yayıb.
Avtomobilin kuzovuna xüsusi “günəş boyası” vurulur və günəş işığını toplayaraq elektrik enerjisi istehsal edir. Boya SUV-nin ölçüsünə uyğun gələn 11 kvadratmetr sahəyə qoyularsa, ildə 12 min kilometrə qədər güc ehtiyatı təmin edilə bilər.
Məlumata görə, günəş enerjisi ya avtomobilin elektrik mühərriklərini birbaşa enerji ilə təmin edə, ya da yüksək gərginlikli akkumulyatorunu doldura bilər. Sistem sürərkən və avtomobil dayandıqda işləyəcək.
Boyanın qalınlığı cəmi 5 mikrometrdir və hər kvadrat metrə təxminən 50 qram ağırlığındadır. "Mercedes-Benz" boyanın tərkibini açıqlamır, lakin "TechSpot" jurnalistləri hesab edirlər ki, boya nisbətən nadir material olan perovskit - kalsium titanat əsasında hazırlanıb.
Şirkət nümayəndələrinin sözlərinə görə, boyanın effektivliyi bölgədən və hava şəraitindən asılıdır. Beləliklə, "Mercedes-Benz"in baş ofisi yerləşdiyi Almaniyanın Ştutqart şəhərində günəş boyası akkumulyatorun doldurulmasının 62 faizinə qədərini kompensasiya edə bilir.
Sevinc İBRAHİMZADƏ