Gələn ilin ən təhlükəli kiberhücumları

 11:22 16.12.2024     154

2025-ci ildə aktual olacaq və ən böyük təhlükə yarada biləcək kiberhücumları müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu barədə FACCT-in məlumat təhlükəsizliyi mütəxəssisləri məlumat yayıblar.

Belə ki, Android əməliyyat sistemi ilə işləyən mobil cihazlara yönəlmiş hücumların artacağı gözlənilir. Eyni zamanda, süni intellekt (AI) texnologiyasından istifadə edən hücumların sayı da artacaq. .

Böyük şirkətlərin IT inteqratorları və proqram təminatı tərtibatçılarına edilən hücumlar çoxalacaq. Bu, hakerlərin şirkətlərin şəbəkələrinə qanuni giriş əldə etməsinə şərait yaradır. Çoxfaktorlu autentifikasiya (MFA) ilə qorunan sistemlərə çıxışı təmin etmək üçün yeni və daha inkişaf etmiş kimlik ovu üsulları tətbiq olunacaq.

Təkmilləşdirilmiş "deepfake"lər, kimlik ovu avtomatlaşdırması və təhlükəsizlik zəifliklərinin aşkarlanmasına yönəlmiş metodlar daxil olmaqla süni intellektin daha geniş istifadəsi proqnozlaşdırılır. Köhnə zərərli proqramların modifikasiyası ilə yanaşı, onların daha çox əlçatan olması geniş miqyaslı hücumlara şərait yaradacaq. Xüsusilə casus proqramlar böyük təhlükə kimi dəyərləndirilir, çünki onlar daha mürəkkəb hücumların planlanmasına imkan verir.

Mütəxəssislər həmçinin hücumların daha yaradıcı və gizli yollarla həyata keçiriləcəyini proqnozlaşdırırlar. Buna görə də təhlükəsizlik tədbirlərinə daha çox diqqət yetirmək tövsiyə olunur.

Sevinc İBRAHİMZADƏ