Rəng dəyişən smartfon yaradıldı
Çinin "Realme" şirkəti temperaturdan asılı olaraq rəngini dəyişə bilən smartfon icad edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Android Authority" məlumat yayıb.
"Realme" 14 Pro və 14 Pro+ cihazları Kopenhagendə (Danimarka) keçirilən təqdimatda elan edilib. Şirkətdən bildiriblər ki, təklif olunan cihazlar ətrafdakı temperaturdan asılı olaraq rəngini dəyişə bilən buqələmun arxa panelə malikdir.
Smartfonlar "Valeur Designers" ilə əməkdaşlıqda yaradılıb. Başqa sözlə, "Realme" 14 Pro-nun arxa paneli ətraf mühitin temperaturu 16 dərəcəyə endikdə rəngini mirvari ağdan parlaq maviyə dəyişə bilər. Buna uyğun olaraq, temperatur 16 dərəcədən yuxarı qalxarsa, rəng yenidən ağaracaq.
Yeni xüsusiyyət termoxrom piqmentlər sayəsində mümkün olub. Lakin zaman keçdikcə materialın təbiətinə görə rəng dəyişdirmə effekti zəifləyəcək. Smartfonun arxa qapağının təxminən 12 ay ərzində rəngini dəyişə biləcəyi düşünülür. Günəş işığına məruz qaldıqda onun effektivliyi azalacaq.
Şirkət tam buraxılışdan əvvəl smartfonların dəqiq xüsusiyyətlərini açıqlamayıb, lakin qeyd edib ki, qurğular IP68 və IP69 standartlarına uyğun olaraq nəm və tozdan qorunacaq. Onlar həmçinin ön panel sahəsinin 93,8 faizini tutan ekranlara sahib olacaqlar.
Sevinc İBRAHİMZADƏ