Sosial şəbəkələrdə məşhurları təqlid edib insanları tələyə salırlar - AÇIQLAMA

 15:08 27.12.2024     213

Sosial şəbəkələrdə məşhur şəxsləri və ya tanınmış səhifələri təqlid edirlər. Bir çox hallarda buradakı əsas məqsəd insanları müxtəlif yollarla tələyə salmaqdır. Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) dəfələrlə vətəndaşlara xəbərdarlıq edib. 

Bəs belə tələlərə düşməmək üçün nələri bilmək vacibdir?

Mövzu ilə əlaqədar İKT üzrə ekspert Elvin Abbasov Redaktor.az-a açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə tanınmış şəxslərin, məşhurların səhifələrinin oxşarını yaratdıqda sosial şəbəkə özü də bunu aşkarlaya bilir:

"Yəni eyni alqoritmləri, eyni məlumatları istifadə etdikdə sosial şəbəkələr bunu aşkar edərsə, onu özü dondurur və araşdırmaya başlayır. Əgər bu, manipulyasiya olunubsa, yəni oxşar məlumatlarla açılıbsa, o zaman bunu vətəndaşlar və ya o tanınmış şəxslərin özü bunu report etməlidir. Bu hesabların dondurulması daha çox süni intellektlə idarə olunur".

Mütəxəssis həmçinin bu cür təqdil səhifələrin fişinq ola bilməsindən də danışdı.

"Əslində, bu cür səhifələrin yaradılması fişinq deyil, amma onların paylaşımlarının içində linkli səhifələr olarsa, bu, artıq fişinq hesab oluna bilər. Yəni paylaşımların içində vətəndaş hər hansı bir linkə istiqamətləndirilirsə, o da bilmədən linki açıb orada hər hansı məlumatlar doldurursa, bu yolla vətəndaşların məlumatları əldə oluna və onlara qarşı istifadə oluna bilər", - deyə E.Abbasov bildirdi.

Sevinc İBRAHİMZADƏ