Azərbaycan daxilindəki internet trafiki niyə xaricdən keçir?
"Qlobal şəbəkəni analiz edəndə görmək olur ki, Azərbaycanda hazırda, nə qədər qəribə görünsə də, digər qonşu ölkələrdən fərqli olaraq İnternet Mübadilə Mərkəzi (Internet Exchange Point - IXP) yoxdur".
Redaktor.az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, bu mərkəz ölkə daxilindəki internet trafikini yerli səviyyədə yönləndirərək xarici şəbəkələrdən asılılığı azaldır, trafikin gecikmə müddətini azaldır və internet xidmətlərinin keyfiyyətini artırır:
"Mərkəzin olmaması ölkədaxili trafikin xarici tranzit şəbəkələrdən keçməsinə səbəb olur. Anlaşıqlı desək, belə bir mərkəzin olmaması səbəbindən iki yerli istifadəçimiz arasında informasiya mübadiləsi dünyanı dolaşaraq baş tutur.
Düzü, özüm də buna təəccüblənirəm. Bəzi ikinci səviyyəli provayderlərin bizə müraciətindən sonra bu məsələni yenidən araşdırdım.
Bildiyim qədər, əvvəllər Delta Telecom magistral provayderi tərəfindən belə bir layihə aparılırdı. Bir müddət də işlək vəziyyətdə olmuşdu. İndi isə baxıram ki, bu az-ix.net layihəsi işləmir. İXP-lərlə bağlı qlobal rəsmi resurslarda da Azərbaycanda rəsmi bir İXP olmadığı görünür.
Bizim magistral provayderlər bir sıra qlobal resursların serverlərini Azərbaycanda yerləşdirdiklərini bildirmişdilər. Eyni zamanda milli kontentin inkişafına yönəlik addımlar atılırdı.
Əlbəttə, bütün bunlar ölkədaxili trafik mübadiləsini xeyli yaxşılaşdırır. Amma bunlar İXP-nin yerini verə bilməz.
İnternet Mübadilə Mərkəzinin olmaması daha bahalı internet, daha ləng internet və daha güvənsiz internet deməkdir. Trafikə çəkilən əlavə xərclər də sonda adi istifadəçilərin üzərinə düşür ki, bu da onsuz da baha olan internetin ölkəmizdə daha da bahalaşmasına gətirib çıxarır".
Osman Gündüz qeyd edib ki, xeyli vaxtdır sektorda tənzimləyici qurum – İKTA formalaşıb, amma qurum indiyədək belə bir ciddi problemə diqqət yetirməyib.
Düşünürəm ki, Azərbaycanda bir Milli İnternet Mübadilə Mərkəzi qurulmalıdır. İKTA hər üç magistral provayderi – Azertelecom, Delta Telecom və AzTelekom-u da cəlb etməklə bu problemi həll etməlidir. İKTA qlobal qurumları da bu prosesə qoşa bilər.
Belə bir mərkəzin formalaşdırılması internetin keyfiyyətini artıracaq, qiymətləri aşağı salacaq, daha çevik, sürətli və effektiv informasiya mübadiləsi təmin edəcək və ölkə daxilində təhlükəsizliyi xeyli gücləndirəcək", - deyə o bildirib.
Turan İSMAYIL