Süni intellektlə profil şəkilləri, videolar və hətta canlı görüntülər saxtalaşdırılır - Ehtiyatlı olun!
Texnologiyanın inkişafı bir çox işləri yüngülləşdirib. Süni intellekt də həmin texnologiyanın bir parçasıdır ki, burada xəyal etdiyin rəsmi çəkdirə, musiqi oxuma, dərdləşmə, araşdırma kimi maraqlı fəaliyyətlərlə məşğul ola bilərsən. Amma müsbət olduğu qədər mənfi tərəfləri də az deyil. Onun vasitəsilə kiberdələduzluq etmək də çox asanlaşıb.
Süni intellekt nədir və burada necə fırıldaqçılıq olunur?
Mövzu ilə bağlı Redaktor.az-a danışan data mütəxəssisi Natiq Məmişov bildirdi ki, süni intellekt asanlıqla şəxsi məlumatlarımızdan istifadə edə bilər. Onun sözlərinə görə, süni intellekt insan həyatındı asanlaşdırmaq üçün çox böyük potensial təqdim edir:
"Amma həddən artıq istifadənin zərəri var. Süni intellektin təhlükəsizlik, məxfilik, sosial etibar kimi ciddi problemi var və bu sahələrə mənfi təsir göstərir. Buna bir neçə başlıq altında baxmalıyıq. Bir şəxsiyyətin identifikasiyası və dəyişdirilməsi məsələsi var. Məsələn, səsin kopyalanması birinci başlıq ola bilər. Çünki süni texnologiyalar bir şəxsin səsini təqlid edə bilir. Bunun vasitəsilə maliyyə və şəxsi məlumatların hamısı oğurlana bilər. Bundan başqa burada diffekt, yəni dərin saxtakarlıq edilir. Məsələn, profil şəkilləri, videolar və hətta canlı görüntülər saxtalaşdırılır. Fırıldaqçılıq və kiberhücumlar artıq profesionallaşıb. Saxta linklər həqiqisindən seçilmir. Çünki burda kiber hücumların avtomatlaşdırılması və hədəfə uyğunlaşdırılması daha təsirli olur. Burada hədəfə alınan insan geniş çərçivədə araşdırıla bilir. Süni intellekt böyük həcmli məlumatları təhlil edir ki, bu da şəxsi məlumatların icazəsiz istifadəsi siqnalını artırır. Bunun bir də sosial psixoloji təsirləri var. Məsələn, saxta xəbərlər sosial etibarı zədələyə və insanların məlumata güvənini sarsıda bilər. Məsələn, dəqiq bilə bilmirsən ki, bu süni intellektdən çıxan videodur, yoxsa real bir videodur, yoxlamaq da çətin olur. Hətta, məsələn, məşhur və siyasi şəxslər də bununla bağlı ciddi problem yaşaya bilər".
Mütəxəssis süni intellekt təhlükəsindən necə qorunmaq lazım olduğunu da açıqladı.
"Birinci bununla bağlı məlumatlandırma, maarifləndirmə aparılmalıdır. Fərdi təhlükəsizlik qaydaları genişləndirilməlidir. İkinci məsələ hüququ tənzimləmədir. Süni intellektin təhlükəsizlik və etik istifadəsi üçün beynəlxalq qanun, yerli qanun və qaydalar hazırlanmalıdır. Bununla bağlı Avropada çox ciddi, artıq konstitusional tipli hazırlıqlar gedir. Çünki bu, tək lokal bir problem deyil, xaricdən də müdaxilələr ola bilər. Yaradıcı süni texnologiyanı inkişaf etdirən şirkət möhkəm nəzarət mexanizmləri qurmalıdır. Zərərli fəaliyyəti aşkarlayan sistemlər hazırlanmalıdır. Bundan sonra şəxsi məlumatların qorunması məsələsi gəlir. Şəxsi məlumatları paylaşanda diqqətli olmaq və yalnız etibarlı platformalardan istifadə etmək vacibdir. Bununla yanaşı şəxsiyyət doğrulma sistemlərinin gücləndirilməsi lazımdır ki, fırıldaqçılıq azalsın. Süni intellekt insanlığın problemlərini həll etmək üçün mühüm vasitədir. Təbii ki, mühüm bir vasitə olduğu üçün də onun zərərli və sui-istifadə ehtimallarına ciddi yanaşmaq lazımdır", - deyə Natiq Məmişov bildirdi.
Türkan İSGƏNDƏRLİ