Dələduzlar oğurlanmış və ya itirilmiş telefondan necə istifadə edirlər? - Mütəxəssisdən AÇIQLAMA
Bəzən diqqətsizlikdən, bəzən isə təsadüfən telefonlarımızı itirə bilirik. Hətta mobil telefonların oğurlanma halları da az deyil.
Bəs itən və oğurlanan telefonların sonrakı aqibəti necə olur? Onlardan hansısa məqsədlər üçün istifadə oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən İT mütəxəssisi Fərhad Mirəliyev bildirdi ki, mobil cihazlar itdikdə ilk növbədə polis orqanlarına müraciət olunmalıdır.
Onun sözlərinə görə, mobil telefon itirilərkən onun kimsə tərəfindən tapılaraq təhvil verilmədiyi bir hallarda həmin telefonun mobil şəbəkədə aktivləşdirilərək istifadəsinə cəhd oluna bilər:
"Ona görə də polis orqanlarına müraciət edən zaman onlar zərərçəkmiş vətəndaşdan həmin telefonun İMEİ kodunu tələb edirlər. Vahid xidmətlər portalında həmin o İMEİ kodlar var və bununla bağlı müvafiq dövlət orqanlarına müraciət olunur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin portalında həmin o İMEİ kod axtarışa verilir, yəni boz siyahıya əlavə olunur. Bundan sonra kimsə cəhd edərsə ki, istənilən mobil operator vasitəsilə həmin telefondan istifadə etsin, o zaman mobil telefona daxil olur ki, "bu telefon axtarışdadır və o telefonu qaytarmaq lazımdır" kimi məlumatlar daxil olur”.
F.Mirəliyev dedi ki, bir çox hallarda peşəkar, cinayətkarlıqla məşğul olan şəxslər bu hallardan xəbərdar olduğuna görə itirilmiş telefonları ehtiyyat hissələrinə ayıra bilirlər və yaxud təmir proseslərində istifadə edə bilirlər.
"Bu zaman həmin o telefonların İMEİ kod üzərində zavod tərəfindən həkk olunan ana plata artıq birbaşa istifadə olunmur. Detal kimi üzərində tranzistorlar, diodlar və digər elementlər istifadə oluna bilər, amma bütöv halda ehtiyyat hissəsi kimi istifadə olunmur.
Ən çox rastlaşdığımız dələduzluq hallarından biri də ondan ibarətdir ki, həmin o itirilmiş telefon öz əkizi ilə əvəzlənir və itirilmiş telefonun eyni markadan olan bir variantı ilə, hansı ki, qeyri işlək olur, yararsız olur, amma İMEİ kodu oxuna bilən olursa, o İMEİ kodu oğurlanan telefonun üzərinə həkk edirlər və həmin telefon şəbəkədə öz əkizinin əvəzinə işləmə qabiliyyətində olur. Buna görə də şəbəkəyə qoşulduqda onu aşkarlamaq daha çətin olur. Burada artıq peşəkar bir əməliyyat keçirmək lazımdır, adi bir baxışla bunu aşkarlamaq olmur”- deyə o əlavə etdi.
BƏNÖVŞƏ