Çin süni intellekt yarışında ABŞ-ni geridə qoyur - Politoloq

 16:13 28.01.2025     137

Müxtəlif ölkələr qarşıdurmalar içərisində olarkən, Ağ Evin yeni sahibi Donald Tramp hədələmə siyasətinə üstünlük verərkən, Çin sakitcə işini görür, bu ölkənin texnoloji imkanları genişlənməkdə davam edir.

Redaktor.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu sosial media hesabında yazıb. Onun sözlərinə görə, Çin süni intellekt yarışında inqilabi sıçrayış edib.

"Çinin “DeepSeek” süni intellekt startapına görə ABŞ-ın texnoloji şirkətləri trilyonlarla dollar itiriblər. Çinli startapın Google və OpenAI kimi nəhəng rəqiblərini geridə qoyduğu, ucuz qiymətə və daha az çiplə formalaşdırdığı süni intellekt modeli dünyada geniş şəkildə istifadə olunmağa başlayıb. Son model ən çox yüklənən süni intellekt proqramına çevrilib".

Politoloqun fikrincə, ABŞ-nin texnoloji şirkətlərinin səhmi ucuzlaşacaq.

"Çin bununla sübut edib ki, böyük xərc qoymadan süni intellekti inkişaf etdirmək mümkündür. Halbuki, aparıcı ABŞ şirkətləri süni intellektin formalaşmasına yüz milyonlarla dollar xərcləyirlər. Aydındır ki, istifadəçilər daha ucuz modellərə maraq göstərəcəklər. Belə olan halda isə ABŞ-nin texnoloji şirkətlərinin səhmləri ucuzlaşacaq".

Türkan İSGƏNDƏRLİ