2024-cü ilin ən çox satılan Android smartfonu müəyyənləşdi
"Counterpoint Research" analitiklərinin apardığı araşdırma göstərir ki, "Apple" cihazları 2024-cü ilin sonuna qədər dünyada ən çox satılan telefonlar olub.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, beləliklə, 2024-cü ildə ayrı-ayrı smartfon modelləri arasında satışda lider "iPhone 15" olub. Onun ardınca daha iki “alma” qadceti gəlir – "iPhone 15 Pro Max" və "iPhone 15 Pro".
Qlobal reytinqdə dördüncü, Android telefonlar arasında isə birinci yeri "Samsung Galaxy A15 5G" tutub. Bu, Full HD+ həlli və 5 illik təhlükəsizlik dəstəyi ilə AMOLED displey təklif edən bazarda ən ucuz smartfonlardan biridir.
2024-cü ilin nəticələrinə görə, dörd "Samsung" smartfonu ilk 10-luğa daxil olub. Reytinqdə "Apple" modelləri altı mövqe tutur. Analitikləri xüsusilə ilk 10-luqdakı yeganə premium Android smartfonu olan !Galaxy S24 Ultra"nın uğuru heyran edir. Artıq qeyd olunan "Galaxy A15 5G" ilə yanaşı, siyahıya eyni cihazın 4G versiyası da daxildir.
Qeyd edək ki, 2023-cü ildə "Apple" modelləri reytinqdə ilk yeddi yeri tuturdu. Ən populyar Android modeli isə "Galaxy A14 5G" idi.
Bundan əvvəl "Counterpoint" agentliyi büdcəli smartfonların satışı ilə bağlı məlumatları dərc edib. Ekspertlərin fikrincə, "Redmi 13C" 150 dollardan aşağı qiymətə ən çox satılan telefondur. Ondan sonra "Samsung Galaxy A05" və "Galaxy A15" gəlir.
Turan İSMAYIL