Azərbaycanın media saytlarına hücum necə baş verib? - Ekspert AÇIQLADI

Azərbaycanda bir sıra xəbər saytları kiberhücumlara məruz qalıb. Haker hücumunun arxasında özünü “hüseynçilər” adlandıran qrupun dayandığı bildirilir. Kiberhücumlarla əlaqədar “report.az”, “oxu.az”, “media.az”, “baku.ws”, ‘’caliber.az” saytlarının və “Baku TV”nin fəaliyyətində problem yaranıb.
Belə hallar ortaya suallar çıxarır ki, bu cür məşhur saytların kiberhücumdan qorunması zəifdir, yoxsa bunu edənlər çox peşəkardır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi ki, eyni anda bir neçə informasiya agentliyinin və xəbər saytının hakerlər tərəfindən hücuma məruz qalması ciddi təhlükəsizlik boşluqlarını ortaya qoyur:
"Ümumən ölkəyə kiber hücumlar var və böyük miqyaslı maliyyə dələduzluqları hamıya məlumdur. Yəni xaricdən Azərbaycana kiberhücumlar daim mövcuddur. Bugünkü baş verən hadisənin spesifik bir tərəfi var. Hardasa 10-a yaxın sayta eyni anda hücum göstərir ki, Azərbaycan kiber məkanında informasiya agentliklərinin özlərinin zəif qorunması var. Təbii ki, bu, professional hücumdur, hərtərəfli iş aparılıb. Əgər ki, bu saytlar fərqli vaxtlarda hek olunsaydılar, buna normal baxmaq olardı. Azərbaycanda hər gün onlarca sayt kiberhücumlara məruz qalır. Amma eyni anda bütün informasiya agentliyinin və ya xəbər saytlarının buna məruz qalması göstərir ki, onlar kiber sahəyə səthi baxıblar və bu sahədəki insan resurslarını, kadr ehtiyatlarını düzgün tərtib etməyiblər. Bir az narahatedici məqamlardır".
Mütəxəssisin fikrincə, bütün hücuma məruz qalan saytlar eyni serverdə yerləşibsə, hakerlər bu serveri sındıraraq məlumatlara çıxış əldə ediblər.
"Hadisənin təfərrüatları barədə məlumat hələ yoxdur. Əgər bütün bu informasiya resursları tək bir serverdə yerləşibsə, təbii ki, hakerlər bir server quraraq bütün bu məlumatları əlçatan edə bilərlər. Əgər başqa-başqa serverlərdə, yəni başqa mühitlərdədirsə, bu, daha ağır bir faciədir. Artıq bu o deməkdir ki, bu tip nəhəng nəhəng media agentlikləri çox rahatlıqla sındırıla bilər. Eyni anda sinxron olaraq onlara hücumlar olub, saytları ələ keçiriblər. Bu, böyük boşluq deməkdir", - deyə Elvin Abbasov vurğuladı.
Türkan İSGƏNDƏRLİ