“Facebook” heç vaxt istifadəçilərlə mesajlaşma ilə ünsiyyət qurmur - Gələn mesajlara ALDANMAYIN

 17:41 12.03.2025     126

Son zamanlar feysbuk sosial şəbəkəsində istifadəçilərə şəbəkənin adından mesaj göndərilərək guya profildə və ya səhifədə problemlər olduğu və göndərdikləri linklərə daxil olub müəyyən addımları atmayacaqları təqdirdə profli və ya səhifəni həmişəlik itirəcəkləri bildirilir.

Bu tip mesajların, linklərin göndərilməsində əsas məqsəd nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi ki, vətəndaşlar belə hallarda ayıq olmalıdırlar.

"Vətəndaşlara göndərilən kiber yönümlü dələduzluq mesajları, vətəndaşları o an bir təşvişə salaraq, düşünülməmiş qərar verməsini hədəfləyir. Bu və ya digər mesajların, linklərin tək məqsədi vətəndaşların fərdi məlumatlarını ələ keçirmək, həmçinin onların fərdi məlumatlarından istifadə etmək, vətəndaşların bank hesablarını, maliyyə vəsaitlərini ələ keçirmək və onları dələduzluğun qurbanı etməkdir. Vətəndaşlar ayıq olmalıdırlar. Bilməlidirlər ki, sosial media üzərindən, anlıq mesajlaşma proqramları üzərindən göndərilən linklər birbaşa nəzərdən keçirilməlidir".

Sosial şəbəkələrdə saxta profil satanlar-İKT mütəxəssisi Elvin Abbasov  aydınlıq gətirdi

Müsahibimiz bildirdi ki, sosial mediada heç bir problem son anda vətəndaşlara bildirilə bilməz.

"Burada bir dələduzluq motivi mütləq ki, var. Məsələn, əvvəl "Google"un bir proqramı var idi. O bağlanmadan 1 il əvvəl vətəndaşlara xəbərdarlıq edilmişdi. Heç bir iş o an üçün hədəflənmir, buna görə vətəndaşlar ayıq olmalıdırlar. Heç bir tanımadıqları mesajları açmamalıdırlar. Qurumun özündən mesaj gəlirsə, bunun bildirişlərdə xüsusi olduğu bildirilir. Vətəndaşdan gələn adi bir mesaj kimi gəlmir. “Facebook” heç vaxt öz daxilində vətəndaşlarla mesajlaşma ilə ünsiyyət qurmur. Bildirişlərlə ünsiyyət qurur. Sosial mediada bu tip xarakterlər var. Bu xarakterlərə görə onlar fəaliyyət göstərirlər. Heç bir sosial şəbəkə yazışaraq istifadəçi ilə ünsiyyət qurmur", -  deyə E.Abbasov vurğuladı.

Aytəkin TOFİQQIZI