Süni intellekt Strategiyası bizə nə verəcək?

 16:59 19.03.2025     98

Nəhayət ki, uzun müddətdən bəri gözlənilən strateji sənədlərdən daha birisi bu gün təsdiqləndi.

Bu gün Prezident 2025-2028-ci illər üçün süni intellekt Strategiyasını təsdiqləyib.

Dərhal qeyd edim ki, 2021-ci ildən bəri bu sənədin hazırlanması, razılaşdırmalara verilməsi, təsdiqlənmə ərəfəsində olması ilə bağlı RİNN dəfələrlə məlumatlar açıqlayıb.

RİNN bu sənədin beynəlxalq təcürbə, xüsusilə də Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə birgə hazırladığını açıqlamışdı

Hiss olunurdu ki, müəyyən dövlət qurumları arasında da bununla bağlı maraq toqquşmaları var. Hətta daha bir-iki qurumun da bu istiqamətdə sənəd layihələri hazıfrlandığı bildirilirdi.

Görünür ki, sonda vahid bir razılaşdırılmış layihəni ortaya çıxarmaq mümkün olub.

Nəhayət ki, belə bir vacib sənədin qəbulu ölkəmiz üçün xeyli əhəmiyyətli bir hadisədir.

Dünyada, regionda hazırda bu istiqamətdə amansız bir rəqabət, çarpışma var. Ölkəmizin bu prosesdən geri qalması heç bir halda doğru olmazdı.

Bu baxımdan sənəddə xeyli əhəmiyyətli məqamlar gözə dəyir.

Ümumiyyətlə, Strategiya süni intellekt sahəsində Azərbaycanın konkret hədəflərini, məqsədlərini və ona uyğun da vəzifələri və tədbirləri müəyyənləşdirib.

Kokret tədbirlər, icra müddəti və məsul qurumalr, gözlənilən nəticələr nəzərdə tutulub. 4 əsas istiqamət üzrə 15 tədbir müəyyən edilib. Süni intellektin tətbiqi üzrə prioritet istiqamətlər, əlaqəli dövlət qurumlarının siyahısı hökumət tərəfindən təsdiqlənməlidir.

Burada diqqət cəlb edən məsələ həm də odur ki, Strategiyadakı tədbirlərin əlaqələndirməsi və icraya nəzarət hansısa bir mərkəzi icra qurumuna deyil, birbaşa Nazirlər Kabinetinə verilib.

Tədbirlər içərisində əsas icraçı qurum olaraq RİNN daha çox gözə çarpır. Həmçinin İN, DTX, XRİTDX, ETN, VXSİDX və digər qurumlar tədbirlərin icrası üçün məsuldur.

Strategiya Süni intellektin idarəetməsinin inkişafını və müvafiq hesablama infrastrukturun yaradılmasını, Data idarəetməsi və infrastrukturunun təkmilləşdirilməsini, Kadr potensialının artırılmasını və Süni intellekt Akademiyasının yaradılmasını, Əlverişli biznes mühitinin və müvafiq dövlət standartlarının yaradılmasını, süni intellekt sahəsində cəmiyyətin məlumatlılığının təşkilini nəzərdə tutub.

Nəhayət ki, Təbii Dil Emalı ilə bağlı işlərin də görülməsi burada öz əksini tapıb.

Bu Strategiya, Azərbaycanın rəqəmsal gələcəyini qurmaq üçün əsas addımlardan biridir.

Sənəd ölkədə süni intellekt ekosisteminin formalaşmasına və bununla əlaqəli əlverişli mühitin inkişafına, kadr potensialının formalaşmasına təkan verəcək.

Qeyd olunanların reallaşdırılması təkcə texnoloji inkişafı deyil, həm də iqtisadi, sosial və beynəlxalq sahələrdə ölkəmizin mövqeyini gücləndirəcək.

Düşünürəm ki, bu Strategiya, Azərbaycanın rəqabət qabiliyyətinin güclənməsində mühüm rol oynayacaq.

Əlbəttə, uğur qazanmaq üçün Strategiyanın effektiv şəkildə həyata keçirilməsi, resursların düzgün bölüşdürülməsi və davamlı monitorinq zəruridir.

Osman GÜNDÜZ