“Apple” 2025-ci ilin əvvəlində smartfon bazarının lideri oldu

"Apple" 2025-ci ilin birinci rübündə ilk dəfə olaraq qlobal smartfon bazarında lider mövqeyə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə “Counterpoint Research” analitik şirkətinin hesabatında bildirilib.
Hesabata görə, bu dövrdə "Apple"-nin bazar payı 19 faiz təşkil edib və şirkət ilk dəfə olaraq ilin ilk üç ayında birinci yeri tutub. İkinci yerdə 18 faizlə "Samsung", üçüncü yerdə isə 14 faizlə "Xiaomi" qərarlaşıb. Siyahının davamında Vivo və Oppo şirkətləri yer alır.
Mütəxəssislər qeyd edirlər ki, smartfon bazarı ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıb. Bu artım əsasən inkişaf etməkdə olan ölkələrdə satışların çoxalması və Çində subsidiyaların artması ilə əlaqələndirilir.
Xatırladaq ki, 2023 və 2024-cü illərin birinci rüblərində bazara "Samsung" liderlik etmişdi, "Apple" isə ardıcıl iki il ikinci yerdə qərarlaşmışdı.
Aytəkin TOFİQQIZI