Ukraynada pul köçürmələrinə fərdi limitlər tətbiq oluna bilər - Robotlar hesablama aparacaq

 17:46 21.05.2025     94

Ukraynada kartdan-karta pul köçürmələri üzrə mövcud məhdudiyyətlər yaxın aylarda daha da sərtləşdirilə bilər və fərdi xarakter daşıyacaq.

Redaktor.az bu barədə "Strana.ua" nəşrinə istinadla məlumat verir.

Belə ki, 2023-cü ilin payızından bəri qüvvədə olan aylıq 150 min qrivnalıq (təxminən 290 min rubl) limit iyunun 1-dən etibarən 100 min qrivnaya endiriləcək. “Riskli müştərilər” üçün isə əvvəlki kimi 50 min qrivna həddi qüvvədə qalacaq.

Jurnalistlər bildirirlər ki, Ukrayna Banklarının Müstəqil Assosiasiyasının təşəbbüsü ilə tətbiq edilən bu məhdudiyyətlərə dair bəzi dəyişikliklər nəzərdən keçirilsə də, bu vətəndaşların həyatını asanlaşdırmayacaq. Əksinə banklar tərəfindən ödəniş qaydalarının daha da sərtləşdirilməsi gözlənilir.

Bank sektorundakı mənbələrin məlumatına görə, hazırda fərdi ödəniş limitləri geniş şəkildə tətbiq olunmasa da, gələcəkdə bu yanaşma geniş miqyas alacaq. Belə ki, gəlirlərə dair məlumatlar və kredit təşkilatlarının siyasəti əsasında kompüter alqoritmləri və ya robotlar hər bir şəxs üçün fərdi köçürmə limitlərini avtomatik hesablayacaq.

Məqalədə vurğulanır ki, gəlirlərini rəsmi sənədlərlə təsdiq edə bilməyən şəxslər üçün bu fərdi məhdudiyyətlər daha sərt nəticələrə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI