Osman Gündüz Naxçıvana "vəsiqəsiz" səfərindən DANIŞDI

 12:57 23.05.2025     85

"Azərbaycanda rəqəmsal hökumətin inkişafı özünü artıq gündəlik həyatımızda da göstərir. Son Naxçıvan səfərim zamanı bu prosesi birbaşa müşahidə etdim. Fürsətdən istifadə edib mvGov platformasında olan şəxsi məlumatlarımın RƏQƏMSAL SƏNƏD olaraq nə dərəcədə keçərli olmasını həm Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, həm də Naxçıvan Hava Limanında monitorinq etdim. Nəticə çox uğurlu oldu".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

"Fiziki şəxsiyyət vəsiqəsi təqdim etmədən sadəcə telefonumda myGov hökumət platformasındakı şəxsi məlumatlarımı göstərməklə hər iki hava limanlarında AZAL-ın yoxlamalarından keçdim. Məlumatlar sənəd kimi qəbul edildi. Eyni vəziyyət Naxçıvan Palace otelində də yaşandı", - deyə o əlavə edib.

O.Gündüz bununla belə bir nüansı da diqqətə çatdırıb:

"Yeganə kiçik nüans diqqətimi cəlb etdi – hər iki hava limanında telefondakı məlumatlarımın planşetlə şəkli çəkildi. Halbuki bu proses myGov Checker tətbiqi ilə rəsmi şəkildə yoxlanıla bilərdi. Ümid edirəm İRİA bunu nəzərə alacaq. İstənilən halda, fiziki şəxsiyyət vəsiqəsinə bircə dəfə də toxunmadan səfəri başa vurmaq mümkündürsə – deməli, rəqəmsal hökumət real nəticə verir.  Qurumların bu sahədəki səyləri təqdirəlayiqdir".

Turan İSMAYIL