"ABŞ qrupları İrana hücum etsə belə, bu, Vaşinqton tərəfindən etiraf edilməyəcək"

Amerika Birləşmiş Ştatları İran və İsrail müharibəsinin gedişatında İranın özünə edə biləcəyi kiberhücumlara hazırlaşdığını bildirib.
Redaktor.az-a açıqlamasında İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirdi ki, teleqram sosial şəbəkəsində, qruplarda hazırda İranın İsrailə bir neçə kiberhücum vasitəsilə strateji obyektləri hədəf aldığı ilə bağlı məlumatlar dərc olunur.
"İsrail tərəfinin hakerləri də kifayət qədər güclü və tanınmış qruplardır. Nə İsraildən, nə də ABŞ-nin qrupları tərəfindən İrana müdaxilə olunması ilə bağlı məlumat hələ yayımlanmayıb. Amma sözsüz ki, hazırda dövrün əsasları olaraq hansı ölkələr arasında müharibə gedirsə, onlar mütləq kiber sahələrdə bir-birlərinə hücum edir. İranın hücumları elan olunsa da, İsrail və digər ölkələrin İrana qarşı hücumları barədə məlumat yoxdur. Bu, daha sonra açıqlanacaq. Kibersahədə izlər çətin aşkarlanır. Hansısa ABŞ qrupları İrana hücum etsə belə, bu birbaşa ABŞ tərəfindən etiraf edilməyəcək. Kiber sahədəki qrupların fəaliyyətləri dövlət dəstəkli olsa da, dövlət heç vaxt onları açıq şəkildə dəstəklədiyini etiraf etmir", - deyə ekspert qeyd etdi.
Aytəkin TOFİQQIZI