Sosial mediada effektiv reklamın SİRRİ

 19:01 01.07.2025     61

Reklam artıq sadəcə məhsul tanıtmaq deyil, izləyicinin həyatına toxunmaq sənətidir. 

Bəs sosial mediada izləyicinin qəlbinə yol tapmaq üçün reklam necə olmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən marketinq üzrə mütəxəssis Vüsalə Tağıyeva bildirdi ki, reklam olduğunu hiss etdirmədən insanda “buna ehtiyacım var” hissini oyadan reklam effektiv reklamdır:

"Düşünün ki, yaxın bir dostunuz sizə deyir: “Bax, mən bunu sınadım, çox yaxşıdır, sən də al”. Bu zaman siz onu (reklamı) gördükdə “mənə nəsə satmaq istəyirlər” deyil, “tam da istədiyim bu idi” hissini yaşayırsınız. Hamımız bilirik ki, reklam soyuq və robotik olmamalıdır. Orada bir az bədən dili, bir az yumor, bəlkə də nostalgiya olmalıdır – yəni həyatın özü kimi. Düşünürəm ki, insan bir şeyi əsasən iki halda uzun müddət unutmur, hətta qarşısına çıxan hər kəsə bundan danışmaq istəyir: həmin nəsnə ya onu çox ağladanda, ya da güldürəndə. Hisslər pik nöqtədə olanda yadda qalır. Sosial mediada da eyni prinsip işləyir. Paylaşım hissə toxunmursa, sadəcə göz önündən keçib gedir. Amma bir hekayədə izləyici öz hekayəsi ilə ortaq “ağrı nöqtələri”ni görə və hiss edə bilirsə, bax, o zaman sən onun qəlbinə toxunursan. O zaman reklam artıq reklam olmur, bir hekayəyə və ya təcrübəyə çevrilir. Bütün hallarda ən əsası, alqoritmlərə yox, özə fokuslanmaqdır. Yəni “bu paylaşım daha çox baxılacaqmı?” sualından əvvəl “bu paylaşım hansı hisslərə toxunur və mənə geridönüş gətirəcəkmi?” sualını verməliyik. Çünki alqoritmlər dəyişir, amma hisslər daimidir. Və hər zaman dediyim kimi, hisslər şablondur. Qısası, effektiv reklam sadəcə satmır, ilk öncə hiss etdirir. İnsanlar sadəcə müştərin olaraq qalmır, hətta sənin hekayənin bir parçasına çevrilirsə, demək, effektiv reklamın ən yaxşısını etmisən".

Mütəxəssis sosial şəbəkələrdə reklam xarakterli paylaşımlarda nələrə diqqət edilməli olduğunu da qeyd etdi:

"Bundan öncə qeyd etdiklərimizi də nəzərə alaraq deyə bilərik ki, sosial şəbəkədə reklam paylaşanda ilk qayda budur: unutma ki, sosial media istifadəçisi orada nəyisə almaq üçün deyil, dincəlmək, gülmək, nəsə öyrənmək üçün gəzişərkən sən (yəni reklam verən brend, şirkət və ya şəxs) onun qarşısına çıxırsan. Bu halda reklam da bu axına uyğun 'qonaq' kimi gəlməlidir – səmimi, faydalı və diqqətçəkici. İlk saniyələr önəmlidir. Maraqlı bir sual, real həyatın içindən bir səhnə və ya tanış bir hiss... Məsələn: “Siz də axşam evə yorğun dönürsünüz?” kimi bir cümlə insanı öz gündəliyi ilə üz-üzə qoyur. Artıq o, səni dinləməyə hazırdır. Bundan sonra sadəcə məhsulu vizual olaraq göstərmək yox, onun istifadəçinin həyatındakı təsirini vurğulamaq daha effektiv olur. Müştəri məhsulu almır – rahatlıq alır, vaxt qazanır, estetik zövq yaşayır və s. Reklam bunu hiss etdirməlidir. Məsələn, bir paylaşıma belə başlayırsan: “Səhər 5 dəqiqədə hazır olmaq istəyən analar üçün…” – bunu görən analar (həmin məhsulun real müştəri namizədləri) artıq ilk cümlədə özlərini orada görür və avtomatik səninlə bağ qururlar".

V.Tağıyeva əlavə etdi ki, göz yormayan, brendə uyğun və emosional vizuallar reklamın təsirini qat-qat artırır:

"Sən yazırsan ki, "biz keyfiyyətliyik", amma şəkil bulanıqdırsa, sözlər gücünü itirir. Və nəhayət, çağırış, marketinq dili ilə desək, CTA (call to action): “Linkə keç”, “DM yaz”, “Sifariş et” – sadə, aydın və istiqamətverici olmalıdır. Çünki bəzən izləyici bir paylaşımı bəyənir, amma sonra nə edəcəyini bilmədiyi üçün hərəkətsiz qalır. Qısacası, reklam paylaşmaq – “al, bax, endirim var” demək deyil; bu, izləyicinin gündəlik rutininə, təbii ehtiyaclarına incə şəkildə toxunmaq, onun həyatında kiçik də olsa bir anı və ya hissi onunla paylaşmaqdır".

Nuriyyə NATİQQIZI