"Süni intellektin inkişafı bir çox peşəni dəyişdirəcək" - Bəhruz Əliyev

 15:18 09.07.2025     225

Süni intellektin sürətlə inkişafı, texnologiyanın insan əməyini əvəzləməsi ilə bağlı uzun illərdir davam edən narahatlıqları daha da artırıb. Artıq təkcə fabriklərdəki fiziki işlər deyil, yaradıcılıq, analiz və hətta qərarvermə tələb edən peşələr də avtomatlaşdırma təhlükəsi ilə üz-üzədir. Bu inkişaf, bir tərəfdən məhsuldarlığı artıraraq yeni imkanlar yaratsa da, digər tərəfdən milyonlarla insanın işini itirmə ehtimalını gündəmə gətirir.

Bəs görəsən, süni intellekt gələcəkdə iş yerlərini tamamilə əlimizdən ala bilərmi, yoxsa bu dəyişiklik yeni bir əmək bazarının təməlini qoyacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirdi ki, gələcəkdə texnologiyaların, xüsusilə süni intellekt, robototexnika, avtomatlaşdırma və ağıllı sistemlərin inkişafı bir çox peşəni dəyişdirəcək və bəzilərini tamamilə əvəz edə bilər. Bu dəyişikliklərə hazırlaşmaq üçün, həm fərdi, həm də cəmiyyət səviyyəsində addımlar atmaq lazımdır".

Onun sözlərinə görə, əvəz olunma ehtimalı yüksək olan peşələr bunlardır:

"Kassirlər və mağaza işçiləri, avtomatik ödəniş terminalları və self-checkout sistemlərin yayılması ilə azala bilər. Məlumat daxil edənlər və ofis operatorları süni intellekt məlumatları daha sürətli və dəqiq işləyə bilmə imkanı ilə ehtiyac azala bilər. Sığorta agentləri və mühasiblərə ehtiyac, alqoritmlərin riskləri hesablaya və hesabatları çıxara bilməsi qabiliyyətlərinin inkişafı ilə azala bilər. Sürücülərə ehtiyac (taksi, yük daşıma və s.) avtonom (sürücüsüz) nəqliyyat vasitələri inkişafı ilə azala bilər. Mətn redaktorları, tərcüməçilər (sadə mətnlər üzrə) dil modelləri (məsələn, ChatGPT kimi) avtomatik tərcümə və yazı bacarıqları sistemlərinin inkişafı ilə azla bilər. İstehsalatda robotlaşdırılmış sistemlər təkrarlanan işləri daha effektiv yerinə yetirir".

Ekspert əvəz olunması çətin olan və dəyəri artacaq sahələrdən də bəhs etdi.

"Yaradıcı sahələr (sənət, dizayn, yazıçılıq). İdeya yaratmaq və orijinal düşünmək insan təxəyyülünü tələb edir. Sosial və emosional bacarıq tələb edən peşələr. Məsələn, psixoloq, müəllim, sosial işçi, tibb bacısı. Texnologiya və proqramlaşdırma sahələrinə ehtiyac çoxalacaq, çünki Sİ sistemlərini yaratmaq, nəzarət etmək və təkmilləşdirmək üçün texniki bilik tələb olunur. Kritik düşüncə və problem həllinə əsaslanan sahələrə ehtiyac olacaqdır. Məsələn, strateji idarəetmə, elmi tədqiqat və s. Ona görə də biz daimi olaraq öz inkişafımızda maraqlı olmalıyıq. Davamlı öyrənmə vərdişi formalaşdırmalıyıq. Texnologiya dəyişir, biz də dəyişəcəyik. Yeni bacarıqlar öyrənməliyik (məsələn, kodlaşdırma, data analiz, Sİ əsasları). Ünsiyyət, liderlik, əməkdaşlıq, tənqidi düşüncə və yaradıcılıq gələcəyin əsas yatırımıdır. Sİ və avtomatlaşdırma ilə “rəqabət aparmaq” əvəzinə, onlardan “alət kimi” istifadə etməyi öyrənməliyik. Bir peşəyə illərlə bağlı qalmaq dövrü bitir. Çoxşaxəli bacarıqlara sahib olmaq daha dəyərlidir. Yeni peşələrə fokuslanmaq tövsiyyə olunur", - deyə Bəhruz Əliyev qeyd etdi.

Nuriyyə NATİQQIZI