Canlı dost əvəzinə süni intellekt: Gənclər niyə Sİ-ni seçir? - Psixoloqdan AÇIQLAMA

 19:30 21.07.2025     136

Müasir dövrdə texnologiyanın sürətli inkişafı ilə həyatımızın demək olar ki, hər sahəsi köklü şəkildə dəyişir. Bu dəyişikliklərin mərkəzində isə süni intellekt (Sİ) dayanır. Xüsusilə gənclər bu texnoloji inqilabın ön sırasında yer alır, Sİ ilə daha yaxından tanış olur və ondan fəal şəkildə istifadə edirlər. Onların süni intellektlə qurduğu "dostluq" isə sadəcə texnoloji maraqdan ibarət deyil, bu, həm də yaradıcılıq, öyrənmə və gələcəyə olan baxış tərzlərinin ifadəsidir.

Bəs gənclərin süni intellektlə bu qədər bağlı olmasının səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Seyidfatimə Abbasova bildirdi ki, gənclərin süni intellektlə “dostluq” qurması və ona bağlanması günümüzdə psixoloji və sosial baxımdan olduqca maraqlı və aktual bir fenomendir. Onun sözlərinə görə, burada bir neçə əsas amil rol oynayır:

"İlk olaraq, süni intellektin təqdim etdiyi anında cavab, tənqidsiz münasibət və nəzarətsiz qarşılıqlı əlaqə gənclər üçün emosional təhlükəsizlik zonası yaradır. Ənənəvi münasibətlərdə qarşılaşdıqları anlaşılmama qorxusu və sosial təzyiqlər, Sİ ilə ünsiyyətdə demək olar ki, yoxdur. Bu isə texnologiyanı onlar üçün “səssiz, amma daim mövcud bir dost” halına gətirir. İkinci bir səbəb isə sosial əlaqələrin zəifləməsi və tənhalığın artmasıdır. Nəticədə insanlar istər-istəməz sosial mediaya, süni intellektə üz tutmalı olurlar. Eyni zamanda, Sİ təhsildə və inkişafda bəzi müsbət imkanlar da yaradır. Məsələn, fərdi maraqlara uyğunlaşdırılmış öyrənmə sistemləri gənclərə öz sürətində inkişaf etmək imkanı verir. Dil öyrənmək, kodlaşdırma kimi sahələrdə əlavə dəstək rolunu oynaya bilər".

Psixoloq daha vacib bir məsələdən də danışdı. 

"Süni intellekt yalnız vasitə kimi istifadə edildikdə faydalı olur. Əgər gənc öz yerinə düşünməyi, yazmağı, araşdırmağı Sİ-yə həvalə edirsə, bu artıq yaradıcılığın və tənqidi düşüncənin zəifləməsi ilə nəticələnə bilər. Misal üçün, daim ideya axtarışını, məqalə yazmağı, esse qurmağı süni intellektə tapşırmaq, bir müddət sonra gəncin öz ifadə bacarıqlarını passivləşdirir və intellektual tənbəllik yaradır. Bu səbəbdən, Sİ-dən istifadə tənbəlləşdirməyən, əksinə təşviq edən formada olmalıdır. Nəticə olaraq, süni intellekt və gənclik münasibəti balans tələb edən incə bir əlaqədir. Çünki süni intellektlə qurulan münasibət düzgün yönləndirilməzsə, faydalı olmaq əvəzinə zərərli təsir göstərə bilər", - deyə S.Abbasova əlavə etdi. 

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən