"1984-də xəbərdar etmişdim" - "Terminator"un rejissoru süni intellekt barədə

Məşhur kinorejissor Ceyms Kameron son müsahibəsində "Terminator” filminin antiutopik xəbərdarlıqlarına qayıdaraq süni intellektin (Al) hərbiləşməsi ilə bağlı narahatlığını dilə gətirib.
Redaktor.az xəbər verir ki, 1984-cü ildə ekrana çıxan filmdə təsvir edilən ssenari artıq elmi fantastika yox, reallığa çevrilməkdədir.
"The Daily Galaxy” yazır ki, rejissor "Mən sizi hələ 1984-cü ildə xəbərdar etmişdim, amma heç kim qulaq asmadı” deyə bildirib. O, texnologiyaların silahlaşdırılmasının insanlıq üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Xatırladaq ki, filmdə "Skynet" adlı süni intellekt sistemi şüurlu hala gələrək nüvə müharibəsinə səbəb olurdu.
Beynəlxalq ekspertlərin narahatlıqları da Kameronun sözlərini təsdiqləyir. BMT-nin Silahsızlanma Araşdırmaları İnstitutu (UNIDIR) 2023-cü ildə xəbərdarlıq etmişdi ki, öldürücü avtonom silah sistemləri (LAWS) artıq ən azı doqquz ölkədə hazırlanır və insan müdaxiləsi olmadan hədəfləri müəyyənləşdirib məhv edə bilir.
2020-ci ildə BMT Təhlükəsizlik Şurasının hesabatında Liviya münaqişəsi zamanı avtonom dronların insan nəzarəti olmadan hücum etdiyi qeyd olunmuşdu. Bu, Sİ-nin döyüş meydanında ölümcül nəticələr doğura biləcəyinə dair ilk real nümunələrdən sayılır.
Kameron bildirir ki, beynəlxalq hüquqi mexanizmlərin zəifliyi təhlükəni daha da artırır: "Biz öz məhvimizi hazırlayan alətlər yaradırıq. Bu, hökumətlərin ciddi etik çərçivələr yaratmasını tələb edir”.
Bununla yanaşı, rejissor süni intellektin kino sahəsində istifadəsinə daha praqmatik yanaşır. Onun fikrincə, Al ssenaristləri əvəz edə bilməz, çünki hekayə quruluşunda empatiya və intuisiya çatışmır. "Gəlin 20 il gözləyək. Əgər Al ən yaxşı ssenariyə görə "Oskar” alarsa, onda mən onu ciddi qəbul edəcəyəm”, deyə o əlavə edib.
Hazırda isə Al texnologiyaları vizual effektlərdə, montajda və istehsalın ilkin mərhələlərində geniş istifadə olunur. "Runway ML”, "Adobe Sensei” və "Cuebric” kimi proqramlar film sənayesinin məhsuldarlığını artırsa da, Kameron ssenari yaradıcılığında onların üstünlük qazanacağına şübhə ilə yanaşır.