Süni intellekt dövlət idarəçiliyində səmərəliliyi və şəffaflığı artıracaq - Mütəxəssis
Süni intellekt artıq bütün sahələrə yayılır. Dünən Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır.
Dövlət qurumlarında süni intellekt konkret hansı sahələrdə tətbiq oluna bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasımov bildirdi ki, süni intellekt artıq dövlət idarəçiliyində səmərəliliyi, sürəti və şəffaflığı artıran əsas texnologiyalardan birinə çevrilir.
O, qeyd etdi ki, dünyada bir çox hökumətlər süni intellekti gündəlik idarəetməyə inteqrasiya etməyə başlayıb və bu, yaxın illərdə standart yanaşmaya çevriləcək:

"Dövlət qurumlarında süni intellekt ilk növbədə vətəndaş xidmətlərində böyük rol oynaya bilər. Məsələn, AI əsaslı "chatbot" və virtual assistentlər vətəndaş müraciətlərini 24/7 rejimdə cavablandıra, sorğuları avtomatik yönləndirə və sənəd emalını sürətləndirə bilər. Bu həm xidmət keyfiyyətini artırır, həm də dövlət qulluqçularının üzərindəki rutin yükü azaldır. Digər vacib istiqamət risk və korrupsiya analizidir. Süni intellekt böyük həcmli maliyyə və əməliyyat datalarını analiz edərək şübhəli nümunələri və anomaliyaları daha tez aşkarlaya bilir. Bu isə daha şəffaf və nəzarətli idarəetməyə töhfə verir. Kibertəhlükəsizlik sahəsində də Aİ-ın rolu sürətlə artır. Dövlət qurumlarına yönələn kiberhücumların erkən aşkarlanması, şəbəkə davranışlarının analizi və "phishing" hücumlarının müəyyən edilməsi kimi sahələrdə AI artıq real nəticələr göstərir. Rəqəmsallaşma artdıqca bu istiqamət daha da kritik olacaq. Süni intellekt "smart city", trafik, enerji və səhiyyə kimi sahələrdə idarəetməni daha effektiv edir və real fayda verir. Yəni bu, sadəcə texnologiya yox, qərarverməni gücləndirən alətdir. Prezident İlham Əliyev tərəfindən bu mövzunun vurğulanması süni intellektin artıq strateji prioritet kimi görüldüyünü göstərir. Məncə Azərbaycanın potensialı böyükdür və düzgün strategiya ilə regionda öncül ölkələrdən birinə çevrilə bilərik".
Nuriyyə NATİQQIZI













