Daha sosial şəbəkələrdə bir neçə profil aça BİLMƏYƏCƏYİK
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yaşın yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək.
Bəs maraqlıdır, indiyədək qeydiyyatdan keçmiş şəxslərin profilləri ilə bağlı hansı dəyişikliklər olacaq? Həmçinin, bir nəfərin bir neçə profil açmasına icazə veriləcəkmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas bildirdi ki, bununla bağlı qanunda ayrıca bir bənd yoxdur:

"Yəni platformaların bütün istifadəçiləri yenidən yoxlaması ilə bağlı hər hansı məcburiyyət nəzərdə tutulmur. Sadəcə, əgər belə bir hal aşkarlanarsa, o zaman platforma həmin hesabı silməlidir və onun girişinə icazə verməməlidir. Amma qanunda hər hansı xüsusi bənd yoxdur ki, platformadakı bütün istifadəçilər yoxlanılsın. Bu məsələ daha çox yeni qeydiyyatdan keçən istifadəçilərə aiddir. Bir neçə profil açmaq istəsək, bunu edə bilməyəcəyik. Ümumiyyətlə, bir neçə profil açmaq sosial şəbəkələrin qaydalarına ziddir. Hər kəsin bir şəxsi profili olmalıdır. Başqasının adına profil istifadə etmək olmaz, yaxud saxta məlumatlardan istifadə edib profil yaratmaq mümkün deyil. Yəni onsuz da bu, sosial şəbəkələrdə qaydalara uyğun hesab olunmurdu. Düzdür, insanlar bundan yayınır, əlavə profillər açırdılar, amma bu hal aşkarlandıqda profil bloklanırdı. Yeni qanun isə həmin halların qarşısının alınmasına daha effektiv şəkildə kömək edə biləcək".
NURİYYƏ













