Yayda avtomobil sürənlər üçün vacib XƏBƏRDARLIQ
Bildiyimiz kimi, artıq yay mövsümü başlayıb. Havanın temperaturunun yüksəlməsi ilə avtomobillərdə kondisionerdən istifadə də artır. Bununla yanaşı, sürücülərin əksəriyyəti avtomobillərini qış mövsümünə hazırlamağın vacibliyini bilsə də, yay aylarında nəqliyyat vasitəsinə qulluq məsələsi çox vaxt diqqətdən kənarda qalır.
Bəs yüksək temperaturun avtomobilə təsirini minimuma endirmək və mümkün nasazlıqların qarşısını almaq üçün avtomobillərimizi yay mövsümünə necə hazırlamalıyıq?
Avtomobil ustası Səməd Babayev Redaktor.az-a açıqlamasında bildirdi ki, həddindən artıq yüksək temperatur avtomobil mexanizmləri üçün ən azı şaxtalı hava qədər təhlükəlidir:
"Hətta bu hal ciddi nasazlıqlara, qəzalara yol aça bilər. Mühərrikin qaynamasının qarşısını almaq üçün soyutma mayesinin (antifriz) səviyyəsi və keyfiyyəti mütləq yoxlanılmalıdır. Radiator barmaqlıqları toz, yarpaq və həşərat qalıqlarından təmizlənməlidir ki, hava axını mühərriki rahatlıqla soyuda bilsin. Kondisioner sisteminin səmərəli işləməsi üçün freonun (qazın) səviyyəsinə nəzarət edilməli, sistemdə sızma olub-olmadığı yoxlanılmalıdır. Həm kondisionerin effektiv işləməsi, həm də salona bakteriyaların yayılmaması üçün salon filtri yenisi ilə əvəz olunmalıdır".
O qeyd etdi ki, isti asfaltla birbaşa təmasda olan təkərlərin təzyiqi mütəmadi olaraq yoxlanılmalıdır:
"Çünki isti havada genişlənən hava təkərin partlama riskini artırır. Yeyilmiş, istismar müddətini başa vurmuş "yorğun" təkərlərlə yüksək temperaturda yola çıxmaq təhlükəlidir və onlar mütləq yenilənməlidir. Yüksək istidə daxili mayesi daha tez buxarlanan və ömrü qısalan akkumulyatorların doldurulma səviyyəsi (zaryadka) müayinə edilməlidir. Yay istisində öz özlülüyünü itirən mühərrik yağının istifadə müddəti keçibsə, mühərriki daxildən qoruması üçün vaxtında dəyişdirilməlidir. Sürtünmənin artdığı bu mövsümdə əyləc mayesinin normada olub-olmaması xüsusi diqqətdə saxlanılmalıdır. Avtomobil günəş altında saxlanarkən salon panelinin (torpedonun) çatlamasının və rənginin solmasının qarşısını almaq üçün ön şüşədə qoruyucu günlüklərdən istifadə edilməlidir".
Xədicə BAXIŞLI













