“Powerbank” istifadə edənlərə xəbərdarlıq - Bu əlamətlərə diqqət edin
“Powerbank”lar telefon və digər elektron cihazları yolda enerji ilə təmin etmək üçün əlverişli olsa da, onların müəyyən təhlükələri və çatışmazlıqları var.
Redaktor.az bu haqda “SlashGear”a istinadla xəbər verir.
Məlumata görə, xarici batareyalar standart simli adapterlərlə müqayisədə daha yavaş enerji yığa və daha qısa müddət xidmət göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, “powerbank”ın zədələnməsi təhlükəli nəticələrə səbəb ola bilər. Nasaz enerji bankları elektrik vurması və yanğın riski yarada bilər.
İstifadəçilərə “powerbank”da şişmə, həddindən artıq qızma, eləcə də qeyri-adi və ya şirin kimyəvi qoxunun yaranmasına diqqət yetirmək tövsiyə olunur. Bu əlamətlərdən hər hansı biri müşahidə edilərsə, cihazdan istifadə etmək təhlükəli ola bilər.
Məqalədə qeyd olunur ki, portativ enerji banklarının əksəriyyətində litium-ion və ya litium-polimer batareyalardan istifadə edilir. Bu batareyalar adətən təxminən 300-500 şarj dövründən sonra tutumunu əhəmiyyətli dərəcədə itirə bilər.
Bundan əlavə, “powerbank”lar bir çox hallarda simli adapterlərin təmin etdiyi yüksək şarj sürətinə çata bilmir. Bu xüsusilə 100 vatt və daha yüksək sürətli şarjı dəstəkləyən müasir smartfonlarda özünü göstərir.
Mütəxəssislər istifadəçilərə “powerbank” seçərkən onun keyfiyyətinə, təhlükəsizlik sertifikatlarına və texniki göstəricilərinə diqqət yetirməyi tövsiyə edirlər.
Aytəkin TOFİQQIZI













