“Samsung” istifadəçilərinə xəbərdarlıq - Kamera keyfiyyəti avtomatik azalır
“Samsung” smartfonlarında istifadəçinin seçdiyi kamera keyfiyyətindən xəbərsiz şəkildə daha aşağı görüntü keyfiyyətində şəkil çəkilməsi mümkün olduğu açıqlanıb.
Redaktor.az xəbər verir ki, “Android Authority”nin məlumatına görə, Cənubi Koreyada bir istifadəçi “Galaxy Z Fold 8” modelinin 24 meqapiksellik kamerası ilə çəkdiyi fotonun 12 meqapiksellik olduğunu bildirib.
İstifadəçi bununla bağlı “Samsung”un müştəri xidmətinə müraciət edib. Şirkətin mühəndisləri isə bildiriblər ki, telefonların kamera keyfiyyətini avtomatik azaltması normal haldır.
Məlumata görə, bu, əsasən cihazın həddindən artıq qızmasının qarşısını almaq və performansı qorumaq üçün edilir. Həmçinin az işıqda, fləşlə, yaxın məsafədən və bəzi digər rejimlərdə çəkiliş zamanı kamera keyfiyyəti azaldıla bilər.
“Android Authority”nin araşdırmasına əsasən, “Galaxy S26 Ultra” istifadəçiləri də oxşar problemlə qarşılaşdıqlarını bildiriblər.
Aytəkin TOİFQQIZI













