Telefon sizi dinləmir, bəs necə olur ki, nə düşündüyünüzü “bilir”? - Ekspertdən AÇIQLAMA
Tez-tez insanların “kimləsə, məsələn, alma haqqında söhbət edirəm, bir müddət sonra sosial şəbəkələrdə qarşıma yalnız alma ilə bağlı paylaşımlar və reklamlar çıxır” dediyini eşidirik. Bu isə istifadəçilər arasında belə bir sualın yaranmasına səbəb olur: “Telefonlarımız bizi dinləyir?”
Bəs bu proses necə baş verir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirdi ki, bu, müasir dövrün ən çox müzakirə olunan və insanların ən çox şübhə etdiyi mövzulardan biridir:
“Qısa və konkret cavab budur: Texniki olaraq telefonunuzun mikrofon vasitəsilə sizi dinləməsi, söhbətləri qeydə alıb analiz etməsi birbaşa sübut olunmayıb. Lakin bu hissi yaradan çox güclü rəqəmsal izləmə mexanizmləri mövcuddur. Sosial şəbəkələr, məsələn, "Instagram, "TikTok" və "Facebook" mikrofon vasitəsilə sizi dinləməkdən daha fərqli və bir çox hallarda daha təsirli üsuldan istifadə edirlər. Onlar sizin davranışlarınızı analiz edərək növbəti maraqlarınızı proqnozlaşdırırlar. Siz bir məhsul haqqında danışmasanız belə, həmin məhsulla bağlı videoya bir neçə saniyə baxmısınızsa, şəkillə maraqlanmısınızsa və ya həmin mövzuda hansısa sayta daxil olmusunuzsa, alqoritm bunu nəzərə alır. Alqoritmlər sizin növbəti addımınızı bəzən sizdən əvvəl təxmin edə bilirlər. Maraqlarınız, yaşınız, yerləşdiyiniz məkan və hətta dostlarınızın maraqları əsasında qarşınıza müxtəlif məzmun və reklamlar çıxarılır. Bu isə insanda telefonun onu dinlədiyi təəssüratı yaradır. Burada kəsişən maraqlar da mühüm rol oynayır. Məsələn, dostunuzla görüşdünüz və “yeni bir ayaqqabı almalıyam” dediniz. Həmin gün dostunuz ayaqqabı saytına baxıbsa, sistem sizin telefonlarınızın eyni vaxtda eyni məkanda olduğunu müəyyən edə bilər. Alqoritm iki insanın bir yerdə olmasını onların maraqlarının oxşar ola biləcəyinə dair siqnal kimi qəbul edir və dostunuzun axtardığı ayaqqabı ilə bağlı reklam sizin qarşınıza da çıxa bilər. Siz isə bunu telefonun sizi dinləməsi kimi qəbul edirsiniz".

Ekspert vurğuladı ki, mikrofon və tətbiqlərin icazələri də ayrıca məsələdir:
"Bəzi tətbiqlər səsli mesaj və ya video funksiyalarından istifadə etmək üçün mikrofona giriş icazəsi tələb edir. Texniki baxımdan bu icazəyə malik tətbiqlərin mikrofondan istifadə etmək imkanı var. Lakin böyük texnologiya şirkətləri, o cümlədən "Google", "Meta" və "Apple" istifadəçilərin söhbətlərini reklam məqsədilə dinlədiklərini rəsmi şəkildə inkar edirlər. Çünki belə bir fəaliyyət həm hüquqi, həm də ciddi reputasiya riski yarada bilər. Əvəzində istifadəçilərin rəqəmsal hərəkətləri, klikləri, baxışları, axtarışları və yerləşmə məlumatları analiz edilərək kifayət qədər dəqiq profil yaradılır. Bu profil o qədər əhatəli ola bilər ki, nəticədə insan özünü sanki dinlənilmiş kimi hiss edir. Burada bir neçə əsas amil rol oynayır. Davranış analizi zamanı alqoritmlər sizin nə dediyinizdən çox, nəyə baxdığınızı, nəyə klik etdiyinizi və hansı məzmunda nə qədər vaxt keçirdiyinizi nəzərə alırlar. Bunun əsasında növbəti marağınızı sizdən əvvəl təxmin edə bilirlər.
Digər tərəfdən, müxtəlif məlumatlar bir-biri ilə əlaqələndirilir. Əgər dostunuzla eyni yerdəsinizsə və dostunuz müəyyən məhsul və ya xidmətlə maraqlanıbsa, sistem sizin də həmin mövzu ilə maraqlana biləcəyinizi düşünə bilər. Bundan başqa, hər bir axtarışınız, yerləşdiyiniz məkan və saytlardakı fəaliyyətiniz rəqəmsal izlər yaradır. Bu məlumatlar əsasında formalaşan profil kifayət qədər dəqiq ola bilər və nəticədə sizin gündəlik söhbətlərinizlə sosial şəbəkələrdə qarşınıza çıxan reklamlar üst-üstə düşə bilər. Nəticə etibarilə, telefonunuz sizi sözbəsöz dinləməsə də, rəqəmsal davranışlarınızın geniş şəkildə analiz edilməsi sizdə dinlənildiyiniz təəssüratını yarada bilər".
NURİYYƏ













