Alimlər yaddaş texnologiyasında enerji sərfiyyatını kəskin azaltmağın yolunu TAPDILAR
Alimlər müasir texnologiyalarla müqayisədə daha az enerji sərf etməklə maqnit yaddaş hüceyrələrində məlumatların yazılmasına imkan verən yeni üsul hazırlayıblar. Yeni yanaşma enerji sərfiyyatını termodinamikanın müəyyən etdiyi fundamental həddə yaxınlaşdırır.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Advanced Materials” jurnalında dərc olunub.
Elektron cihazlarda enerjinin əhəmiyyətli hissəsi məlumatların yazılması və saxlanmasına sərf olunur. Maqnit yaddaşda bitlərin yenidən yazılması kiçik hüceyrələrin maqnitlənmə istiqamətinin dəyişdirilməsi ilə həyata keçirilir. Lakin bu proses zamanı enerjinin böyük hissəsi istilik şəklində itirilir.
Alimlər uzun müddətdir ki, bir bitin emalı üçün termodinamika qanunlarının imkan verdiyi minimum enerji sərfiyyatını ifadə edən Landauer həddinə yaxınlaşmağın yollarını araşdırırlar.
Edinburq Universitetindən Elton Santosun rəhbərlik etdiyi tədqiqat qrupu optimal idarəetmə nəzəriyyəsinin riyazi üsullarından istifadə edərək maqnit impulsunun ideal formasını hesablayıb.
Məlum olub ki, maqnit sahəsinin zaman ərzində necə dəyişəcəyini dəqiq müəyyənləşdirməklə maqnitlənməni ənənəvi üsullardan daha az enerji sərf etməklə dəyişmək mümkündür.
Hesablamalara əsasən, yeni üsul DRAM, eləcə də STT-MRAM və SOT-MRAM kimi geniş istifadə olunan yaddaş texnologiyaları ilə müqayisədə enerji sərfiyyatını bir neçə tərtib azaltmağa imkan verir.
“Maqnit sahəsinin zaman ərzində necə dəyişəcəyini diqqətlə layihələndirməklə maqnitlənməni daha səmərəli şəkildə dəyişmək mümkündür”, – Elton Santos bildirib.
Tədqiqatçıların diqqət çəkdiyi əsas məqamlardan biri də yanaşmanın universal olmasıdır. Metod yalnız maqnit sahəsi ilə deyil, elektrik cərəyanı və son dərəcə sürətli lazer impulsları ilə də tətbiq oluna bilər.
Alimlərin fikrincə, bu yanaşma gələcəyin daha enerji səmərəli elektronikasının hazırlanmasına yol aça bilər. Bu, xüsusilə məlumat mərkəzlərinin və süni intellekt sistemlərinin sürətli inkişafı fonunda əhəmiyyətlidir. Belə sistemlər məlumatların yaddaşa yazılması və saxlanması əməliyyatlarına böyük həcmdə enerji sərf edir.
Xədicə BAXIŞLI













