Telefonun şifrəsini unudanlar üçün yeni funksiya HAZIRLANIR
"Google" istifadəçilərin "Android" smartfonlarının ekran kilidi kodunu unutduqları zaman cihazı sıfırlamadan giriş əldə etməsinə imkan verəcək yeni funksiya üzərində işləyir.
Redaktor.az xəbər verir ki, bu barədə "Android Authority" məlumat yayıb.
Portalın jurnalistləri "Android 17 QPR2 Beta 5"in ilkin versiyasını araşdırarkən yeni funksiyanı aşkar ediblər. Hazırda istifadəçi smartfonun rəqəmsal kilid kodunu unutduqda cihazdakı məlumatları qorumaqla giriş əldə etmək mümkün deyil və telefonu sıfırlamaq tələb olunur.
Yeni funksiyanın tətbiqi ilə istifadəçidən ekran kilidinin kodunu daxil edə bilmədiyi halda, smartfona bağlı "Google" hesabının məlumatlarını təsdiqləməsi tələb olunacaq. Bundan sonra cihaz üzərində nəzarətin bərpa edilməsi və telefondakı məlumatların saxlanılması mümkün olacaq.
Funksiyanın "Android 17" nin beta versiyasında aşkar edildiyi bildirilir. Onun əməliyyat sisteminin ictimai versiyasında nə vaxt istifadəyə veriləcəyi isə hələ məlum deyil.
"Android Authority" qeyd edib ki, bu imkanın işləməsi üçün smartfonun əvvəlcədən "Google" hesabı ilə əlaqələndirilməsi tələb olunur.
Məqalədə həmçinin xatırladılıb ki, oxşar funksiya "Android 4.4" versiyasında mövcud olub, lakin daha sonra "Google" tərəfindən sistemdən çıxarılıb.
Aytəkin TOFİQQIZI













