Noutbuk alarkən bunlara diqqət EDİN

 09:09 16.10.2026     78

Noutbuk alarkən yalnız texniki göstəriciləri deyil, cihazın korpusunun materialını və rahatlığını da nəzərə almaq tövsiyə olunur. Mütəxəssislər alışdan əvvəl noutbuku əlinizdə tutaraq çəkisini və korpusunun keyfiyyətini yoxlamağın vacibliyini vurğulayırlar.

Redaktor.az xəbər verir ki, bu barədə “PCWorld” nəşri yazıb.

Nəşrin media redaktoru Kris Hoffman bildirib ki, noutbukları yalnız plastik və metal korpuslara ayırmaq kifayət deyil. Belə ki, keyfiyyətli plastik korpuslar toxunuş baxımından rahat ola bilər və istifadə zamanı cırıltı yaratmaya bilər. Metal korpusların xüsusiyyətləri isə istifadə olunan materialdan asılı olaraq dəyişir.

Məsələn, alüminium maqneziumla müqayisədə daha ucuz olsa da, daha ağırdır. Maqnezium ərintiləri noutbukların çəkisini azaltmağa imkan verir, lakin bu materialdan hazırlanan korpuslar cızıqlara daha həssas ola bilər. Bəzi modellərdə isə alüminium və maqnezium qarışığından istifadə edilir.

Hoffman premium noutbuklar üçün karbon lifini də uyğun materiallardan biri hesab edir. Bu material yüngül və davamlı olsa da, cihazın qiymətini artırır. O, buna nümunə kimi “Lenovo ThinkPad X1 Carbon” modelini göstərib. Karbon lifli korpusa malik bu noutbukun çəkisi təxminən bir kiloqramdır, qiyməti isə 2000 dollardan başlayır.

Mütəxəssis istifadəçilərə noutbuk almadan əvvəl onu şəxsən yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, bu üsulla cihazın çəkisini, korpusunun rahatlığını və gündəlik istifadəyə nə dərəcədə uyğun olduğunu qiymətləndirmək mümkündür.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən