Router niyə həddindən artıq qızır? - SƏBƏBLƏR
Ev routerinin həddindən artıq qızması internet bağlantısında problemlərə və cihazın sıradan çıxmasına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “SlashGear” nəşri məlumat yayıb.
Nəşrin jurnalisti Alan Bredli routerlərin qızmasının əsas səbəblərini açıqlayıb və cihazın qorunması üçün tövsiyələr verib. O bildirib ki, routerin korpusunun isti olması hər zaman nasazlıq əlaməti deyil. Çünki cihaz işləyərkən təbii olaraq istilik yaradır.
Məlumata görə, həddindən artıq qızmanın əsas səbəblərindən biri routerin birbaşa günəş işığı altında və ya qızdırıcı cihazların yaxınlığında yerləşdirilməsidir. Buna görə də cihazı açıq, havalandırılan yerdə saxlamaq, üzərini örtməmək və üzərinə başqa əşyalar qoymamaq tövsiyə olunur.
Jurnalist həmçinin routerin havalandırma dəliklərinin tozla tutulmamasına diqqət yetirməyi məsləhət görüb. Toz yığılması istiliyin cihazdan kənarlaşmasını çətinləşdirə bilər.
Router həddindən artıq qızarsa, onu elektrik şəbəkəsindən ayırmaq, daha sərin yerə qoymaq və soyumasını gözləmək tövsiyə edilir. Enerji adapterinin də üzərinin örtülməməsi və havalandırılan yerdə saxlanılması vacibdir.
Nəşr qeyd edir ki, router mütəmadi olaraq həddindən artıq qızırsa, onun dəyişdirilməsi məsələsini nəzərdən keçirmək lazımdır.
Aytəkin TOFİQQIZI













