Xaricdən telefon alarkən diqqətli olun: cihaz əvvəlcədən aktivləşdirilmiş ola bilər
Xaricdən sifariş edilən smartfonun daha əvvəl başqa şəxs tərəfindən istifadə olunması və aktivləşdirilməsi riski var. Buna görə cihazı təhvil alarkən onun orijinallığını və aktivləşdirilmə vəziyyətini yoxlamaq tövsiyə olunur.
Redaktor.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya İT eksperti İqor Bederov danışıb.
Onun sözlərinə görə, qablaşdırmanı açmazdan əvvəl cihazın IMEI kodunu xüsusi internet saytında yoxlamaq lazımdır. Bu, saxta məhsul almaq riskini azaltmağa kömək edə bilər.
Ekspert bildirib ki, sifariş rəsmiləşdirilmədən əvvəl cihazın aktivləşdirilib-aktivləşdirilmədiyini müəyyən etmək, demək olar ki, mümkün deyil. Xüsusilə qeyri-rəsmi idxal məhsulları satan platformalarda satıcılar sifariş tamamlanana qədər konkret cihazın IMEI və seriya nömrəsini təqdim etməyə bilərlər.
Bederovun sözlərinə görə, qablaşdırma açılmadan əvvəl zavod plyonkasının və möhürlərin bütövlüyünə, qutunun üzərindəki yazıların keyfiyyətinə, həmçinin IMEI koduna diqqət yetirmək lazımdır. Oğurlanmış cihazlar bazasında və satış regionu üzrə tam yoxlama isə yalnız telefonun özü və IMEI kodu əldə olduqdan sonra mümkündür.
Ekspert qeyd edib ki, seriya nömrəsinin yoxlanılması zamanı telefonun başqa şəxs tərəfindən aktivləşdirildiyi üzə çıxarsa, alıcı cihazı geri qaytarmaqdan imtina edə bilər.
O, həmçinin bildirib ki, Rusiyada istehlakçı hüquqlarının müdafiəsi qanunvericiliyinə əsasən, məsafədən alınan məhsuldan yeddi gün ərzində imtina etmək mümkündür. Lakin texniki cəhətdən mürəkkəb məhsul sayılan smartfonlarda xüsusi qaydalar tətbiq olunur. Telefon işlək vəziyyətdədirsə, sadəcə bəyənilməməsi onun geri qaytarılması üçün həmişə əsas yaratmır. Cihazın əvvəlcədən aktivləşdirilməsi də özlüyündə keyfiyyətli məhsulun geri qaytarılması üçün hüquqi əsas hesab edilmir. Belə hallarda geri qaytarma və ya dəyişdirmə tələb etmək üçün məhsulda qüsur və ya elan edilən xüsusiyyətlərə uyğunsuzluq sübut edilməlidir.
Bederov xaricdən alınan telefonların daha ucuz başa gələ biləcəyini də vurğulayıb. Bununla belə, qiymət həddindən artıq aşağıdırsa, alıcılara həmin məhsuldan imtina etməyi tövsiyə edib.
Ekspertin sözlərinə görə, rəsmi mağazalarda qiymətə zəmanət, sertifikatlaşdırma, logistika, vergilər və texniki dəstək xərcləri də daxildir. Buna görə qeyri-rəsmi idxal olunan telefonlar daha ucuz satıla bilər. Lakin məhsulun qiyməti rəsmi pərakəndə satış qiymətindən 50-60 faiz aşağıdırsa, bu, saxta və ya qanunsuz mənşəli məhsulun göstəricisi ola bilər.
Xədicə BAXIŞLI













