“Apple”ın bir sıra xidmətləri çökdü
“Apple” şirkətinin bir sıra rəqəmsal xidmətlərində texniki nasazlıq qeydə alınıb.
Redaktor.az xəbər verir ki, şirkətin rəsmi sistem statusu səhifəsində noyabrın 17-də “iCloud Account & Sign In”, “App Store”, “Apple Music” və “AppleCare on Device” xidmətlərində problemlər olduğu göstərilib.
“Apple”ın məlumatına görə, nasazlıq səbəbindən bəzi xidmətlər ləng işləyə və ya müvəqqəti əlçatmaz ola bilər. Şirkət xüsusilə “iCloud” hesabına daxilolma ilə bağlı problemin bütün istifadəçilərə təsir etdiyini bildirib.
İstifadəçilər isə hesablarından çıxarıldıqlarını, yenidən daxil olmaqda, tətbiqləri yükləməkdə və musiqi xidmətindən istifadə etməkdə çətinlik çəkdiklərini bildiriblər.
Bundan əlavə, “Apple Pay” və yeni cihazların aktivləşdirilməsi ilə bağlı da problemlər barədə şikayətlər yayılıb.













