Vatsapda birdəfəlik mesaj yazmaq da mümkün OLACAQ
Vatsap istifadəçilərin məxfiliyini artırmağa yönələn yeni funksiyanı sınaqdan keçirir.
Redaktor.az “WABetaInfo”ya istinadən xəbər verir ki, yenilik vasitəsilə mətn mesajlarını yalnız bir dəfə oxumaq mümkün olacaq.
Məlumata görə, funksiya “Android” üçün Vatsapın 2.26.45.6 beta versiyasında bəzi istifadəçilərə təqdim olunub. Yenilik adi mətn mesajlarına “Bir dəfə bax” (View Once) rejimini tətbiq etməyə imkan verir.
Funksiyadan istifadə etmək üçün çatda mesaj yazdıqdan sonra göndərmə düyməsini basıb saxlamaq lazımdır. Açılan menyudan “View Once” seçildikdə mesaj avtomatik göndərilir.
Qəbul edən şəxs mesajı çatda birbaşa görməyəcək. Onu oxumaq üçün mesajın üzərinə toxunmalı və ayrıca açılan pəncərədə məzmunla tanış olmalıdır. Pəncərə bağlandıqdan sonra mesajı yenidən açmaq mümkün olmayacaq. Çatda isə mesajın açıldığını bildirən işarə görünəcək.
Yeni funksiyada məxfilik məqsədilə bir sıra məhdudiyyətlər də nəzərdə tutulub. Belə ki, mesajı kopyalamaq, başqa çata yönləndirmək və saxlamaq mümkün olmayacaq. Mesaj açıq olduğu müddətdə ekran görüntüsü və ekran yazısının alınması da bloklanacaq.













