ABŞ şirkətlərinə “Huawei” avadanlıqlarının satışına icazə veriləcək

 12:16 29.06.2019     1469

ABŞ şirkətlərinə “Huawei” avadanlıqlarının satışına icazə veriləcək.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ şirkətləri milli təhlükəsizlik üçün problem yaratmayan “Huawei” avadanlıqlarını sata bilərlər. Biz onlara satış üçün icazə verəcəyik” - deyə Tramp bildirib.

 

Qeyd edək ki, bir müddət öncə Trampın imzaladığı sərəncamla "qara siyahı"dakı xarici şirkətlərin hökumətin icazəsi olmadan Amerika şirkətlərinə məxsus texnologiyalardan istifadə edə bilməyəcəyi açıqlanıb.

Dünyanın ikinci ən böyük smartfon istehsalçısı olan “Huawei” də bu siyahıya daxil edilib.

İngiltərə də daxil olmaqla, son aylarda bəzi Qərb ölkələri təhlükəsizlik məsələləriylə bağlı “Huawei”in məhsullarından narahat olduqlarını bildiriblər.

Şirkətin adı ABŞ tərəfindən "qara siyahı"ya salındıqdan sonra "Google" şirkəti "Huawei"in istehsal etdiyi mobil qurğularda "Android" əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Yaponiyanın “Panasonic” şirkəti ABŞ qadağalarına görə "Huawei" ilə əməkdaşlığı dayandırıb.