Dopler radar sisteminin təqdimatı keçirilib

 12:44 26.08.2019     608

ABŞ-ın "Baron" şirkətinin Azərbaycanda "Vahid milli hidrometeoroloji sistemin yaradılması" Proqramı çərçivəsində quraşdıracağı Hava Radar Sisteminin təqdimatı keçirilir.

Redaktor.az-ın xəbərinə görə, bu proqramla Azərbaycanda dopler radar müşahidə sistemi tətbiqinə başlanılır.

“Baron” şirkətinin nümayəndəsi Brıan Bellevin dediyinə görə, bu sistem meteoroloji prosesləri və bulud sistemlerinin 3D formatında vizullaşdırılmasına imkan yaradacaq: "Digər sistemlər buna imkan vermir. Bizim firma dünyada ən qabaqcıl radar sistemi istehsal edir. Dopler radar sistemlərimiz ölkədə bütün hidrometeoroloji müşahidə sistemini vahid şəbəkədə birləşdirmək imkanı yaradır".

O bildirib ki, sistem vasitəsilə iki saat qabaqcadan yağıntının neçə mm düşmə ehtimalını, dolunun diametrini də ehtimal etmək olar. B. Bellev bu səbəbdən sistemi kənd təsərrüfatı üçün də vacib sayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, dopler radar sistemi dünyada geniş istifadə olunur: “Bu sistemin tətbiqi Milli Hidromoteorologiya xidməti üçün rahatlıq yaradacaq. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə daha hazır olmaq imkanı yaradır və texniki imkanlarımız bununla güclənir. Belə bir sisteminin dünyada alternativi yoxdur".

U.Tağıyevanın sözlərinə görə, bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək: "Bu sistem 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış, daha dəqiq formada verilməsini  təmin edir. İndiyə qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi dəqiqliklə deyə biləcəyik ki, regionlar üzrə hansı təbii proseslər qeydə alınacaq. Bu günə kimi bu dəqiqliyi demək çətin idi".

Umayra Tağıyeva qeyd edib ki, dopler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq: "Bu sistemin əhatə radiusu 250 kilometri əhatə edir. Dəqiqliyi təmin etmək üçün iki dopler radar kifayət deyil. Daha sonra bu sistem respublikanın beş regionunda quraşdırılacaq. Bütün işlər dövlət investisiyası ilə reallaşır. Dopler radar sistemi yerli qurumları hava ilə bağlı daha dəqiq xəbərdarlıq etməyə imkan yaradacaq".

Qeyd edək ki, “Baron” radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.//Apa.az