ABŞ səsdən iti raketlər istehsal edəcək

 06:16 17.10.2019     499

ABŞ ordusu 2023-cü ilə qədər səsdən iti sürətlə uçan uzaq mənzilli raketlər sisteminin istifadəyə verilməsini planlaşdırır.

Redaktor.az bildirir ki, bu barədə ABŞ ordusunun səsdən iti raketlər proqramının direktor müavini Robert Strayder quru qoşunları hərbi qulluqçuları assosiasiyasının nümayəndələrinin illik qurultayında məruzəsində məlumatı səsləndirib.

Strayder bildirib ki, döyüş qabiliyyətli eksperimental prototip 2023-cü ilə qədər istifadəyə veriləcək. O əlavə edib ki, mobil yerüstü platformadan buraxılmış 8 raketdən ibarət batareyanın sürəti saatda 3800 milə (6116 kilometr) bərabər olacaq.

Məlumata görə, səsdən iti raketlər Yer atmosferinin yuxarı təbəqəsinə çataraq hava hücumundan müdafiə və raketdənmüdafiə sistemləri zərbə endirməyə hazır olana qədər həmin sistemlərin təsir zonası hüdudlarında qala biləcəklər. Raketin dizaynı dəqiqlik, sürət, zərbəyə davamlılıq və manevr qabiliyyəti kimi parametrlərə hesablanıb.

Qeyd edilir ki, raketlərin və start platformalarının layihələndirilməsinə ordunun çevik və böhranlı texnologiyalar idarəsi tərəfindən nəzarət edilir. Bu idarə 2018-ci ildən etibarən səsdən iti qurğular üzrə ixtisaslaşır./virtualaz/