Azərbaycan "Qlobal İstedad Rəqabətliliyi İndeksi"ndə 14 pillə irəliləyib

 11:03 29.10.2019     544

Azərbaycan "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019" hesabatında 14 pillə irəliləyərək 125 ölkə arasında 43-cü yerdə qərarlaşmaqla Baltik ölkələri istisna olmaqla postsovet məkanında lider mövqedə qərarlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, postsovet məkanında Azərbaycanın ən yaxın izləyiciləri Rusiya 49-cu və Qazaxıstan isə 57-ci yeri tutub.

Azərbaycan bu indeksə görə 2015-2016-cı illərdə 71-ci, 2017-ci ildə 66-cı və 2018-ci ildə 57-ci yerdə qərarlaşıb. Azərbaycan qlobal istedad rəqabətliliyi indeksinə görə yuxarı orta gəlirli ölkələr arasında ilk üçlükdə qərarlaşmaqla daxil olduğu region – Qərbi Asiya və Şimali Afrika ölkələri arasında yeddincidir.

"Qlobal İstedad Rəqabətliliyi İndeksi" hesabatı altı indikator əsasında hesablanır: İstedada yaradılan şərait, istedadın cəlb edilməsi, istedadın inkişafı, istedadın ölkədə qalmasının təmin edilməsi, peşə və texniki təhsil, yüksək ixtisaslar. Azərbaycan bu indikatorlar üzrə ən yüksək reytinqi peşə və texniki təhsil (25-ci yer) və ən aşağı reytinqi isə istedadın inkişafında (81-ci yer) alıb. Digər indikatorlar üzrə vəziyyətimiz belə olub: İstedada yaradılan şərait 48-ci yer, istedadın cəlb edilməsi 44-cü yer, istedadın ölkədə qalmasının təmin edilməsi 41-ci yer və yüksək ixtisaslar 68-ci yer.

"Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019"da Azərbaycan bir sıra sub-indikatorlarda daha öndə olub: İşə götürmənin asanlığı 1-ci yer, aktiv əmək bazarı siyasəti 32-ci yer, işçi-işəgötürən əməkdaşlığı 30-cu yer, əmək haqqının məhsuldarlığa uyğunluğu 14-cü yer, birbaşa xarici investisiyalar və texnologiya transferi 28-ci yer, istedadların cəlbi 17-ci yer, qadınların liderlik imkanları 34-cü yer, müəssisə daxilində əməkdaşlıq 26-cı yer, müəssisələr arasında əməkdaşlıq 19-cu yer, sosial müdafiə 33-cü yer, istedadların ölkədə saxlanılması 25-ci yer, həkim sıxlığı 26-cı yer, orta təhsilli əmək qüvvəsi 5-ci yer, orta təhsilli əhali 4-cü yer, ixtisaslı işçinin tapılması imkanı 30-cu yer, təhsilin iqtisadiyyata uyğunluğu 33-cü yer, orta təhsilin əmək bazarına uyğunluğu 20-ci yer, ali təhsilin əmək bazarına uyğunluğu 36-cı yer, ali təhsilli əhali 33-cü yer, alimlərin və mühəndislərin əlçatanlığı 23-cü yer.