Nazir müavini mobil telefon istifadəçilərini problemlərlə bağlı nazirliyə müraciət etməyə ÇAĞIRIB

 12:04 06.11.2019     627

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakının bir sıra yerlərində, o cümlədən ölkənin bir neçə bölgəsində müəyyən ərazilərdə mobil telefon istifadəçilərinin üzləşdiyi çətinliklərə münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, E. Vəlizadə jurnalistlərə açıqlamasında deyib ki, telekommunikasiya operatorları özləri keyfiyyətli xidmət göstərməyə birbaşa məsuldurlar. 

Nazir müavini deyib ki, nazirlik tənzimləyici qurum olaraq onların bu sahədə fəaliyyətinə nəzarəti həyata keçirir:

“Nazirliyə daxil olan belə müraciətlər və şikayətlərlə bağlı tədbirlər görülür. Ancaq ümumilikdə ölkənin hansısa ərazisində, yaxud Bakının hansısa ərazisində hansısa zonalarda yayım aşağıdır, yaxud o ərazidə müəyyən səbəbdən yayım mövcud deyilsə, bu, həmin şirkətlərin bilavasitə diqqətində olmalıdır. Həmin mobil şirkətlər maraqlıdır ki, istifadəçilərin dairəsi daha geniş olsun, daha keyfiyyətli xidmət göstərsinlər. Nazirliyə bu barədə müraciətlər daxil olanda, biz hökmən həmin müraciətləri mobil operatorlara yönəldir, onların bu sahədə addım atmasına nəzarət edirik. Əgər vətəndaşlar yayımın olmadığı belə əraziləri bilirlərsə, bunu nazirliyə bildirə və biz həmin müraciətləri mobil operatorlara yönəldə bilərik”.

E. Vəlizadə qeyd edib ki, bu gün mobil şəbəkələrlə bağlı yayımlara nazirlik gündəlik nəzarət həyata keçirir:

“Hansısa bölgələrdə, məkanlarda belə yayım həyata keçirilmirsə, nazirlik bunu ya apardığı monitorinqlər, ya da vətəndaşların müraciətləri əsasında bunu mobil operatorların nəzərinə çatdırır. Mobil şirkətlər də biznes planlarına uyğun olaraq bu sahədə işlər həyata keçirirlər”.

E. Vəlizadə nəzərə çatdırıb ki, hazırda 4G istiqamətində işlər aparılır, yayımın dairəsi genişləndirilir:

“Ola bilər ki, müəyyən texniki səbəbdən belə problemlər olur”.//Apa.az