"WhatsApp"ı telefonlarınızdan silin, şəkillərinizin və yazışmalarınızın ələ keçirilməsini istəmirsinizsə...

 12:11 21.11.2019     1785

“Telegram” messencerinin əsasını qoyan Pavel Durov mobil telefon istifadəçilərini öz telefonlarından “WhatsApp” messencerini silməyə çağırıb.

Redaktor.az “Forbes”ə istinadən xəbər verir ki, Durov belə bəyanatla "WhatsApp" proqramında növbəti dəfə “əlçatanlıq” aşkar edilməsindən sonra çıxış edib.

Pavel Durovun bildirdiyinə görə, əgər istifadəçilər fotoşəkillərinin və yazışmalarının başqalarının əlinə keçməsini istəmirsə o zaman telefonlarından WhatsApp-ı silməlidir. Çünki WhatsApp daim istifadəçilərin yazışmalarını, hərəkətlərini, fotoşəkillərini izləmək üçün “Troya atı” kimi istifadə edilir. Hətta istifadəçilər WhatsApp üzərindən yazışmasalar belə.

“Bu istifadəçilərin nəyinə lazımdır? Facebook hələ "WhatsApp"ı almazdan əvvəl casus proqramlarında iştirak edib. Şirkətin sövdələşmədən sonra öz siyasətini dəyişdiyini düşünmək sadəlövlük olardı” - Durov deyib.

Durov "WhatsApp"ın əsasını qoyan Brayan Ektonun ötən il “Forbes” jurnalının ABŞ redaksiyasına müsahibəsini də xatırladıb. Ekton deyib ki, "Facebook" öz istifadəçilərinin konfidensiallığını “böyük pullar əvəzində” satıb.

Qeyd edək ki, bu günlərdə Hindistanın kibertəhlükəsizliklə məşğul olan CERT-İn agentliyi "WhatsApp" proqramında istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə imkan verən əlçatanlıq aşkar edib. Məlum olub ki, hakerlər "WhatsApp" üzərindən istifadəçiyə MP4 formatda fayl göndərməklə onun telefonuna casus proqramını yükləyə bilər.

Bundan əvvəl də "WhatsApp" proqramının bir sıra ölkələrdə hüquq müdafiəçilərini və jurnalistləri təqib etmək üçün istifadə edildiyi müəyyən olunmuşdu. Bəlli olmuşdu ki, əgər istifadəçinin telefonunda "WhatsApp" varsa, onun istənilən hərəkətini, yazışmalarını, telefon danışıqlarını izləmək mümkündür.//Virtualaz.org