Onlayn xidmət zamanı hökumət portalları niyə çökür? - EKSPERT RƏYİ

 18:14 09.04.2020     2710

"Resurs hazırlandıqdan sonra auditdən, testdən keçirilməlidir. Aidiyyatı qurumlar rəy verməlidir ki, bu resurs nə qədər dayanıqlıdır. Texniki şərtlərdə göstərilən tələblərə cavab verirmi?! Test zamanı eyni anda müxtəlif yerlərdən çoxsaylı müraciətlər təşkil edilir ki, resursun gücü yoxlansın. İnternet resurslarının çökməsi onu göstərir ki, zamanında texniki şərtlər yetərincə hazırlanmayıb, auditi, testi keçirilməyib. İşə məsuliyyətsiz yanaşılıb. Nəticədə bu gün biz bunun acı nəticəsini yaşayırıq".

Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Multimedia mütəxəssisi bildirib ki, hazırda internet resurslarında yaşanan yüklənmələri və problemləri aradan qaldırmaq üçün operativ işçi qrupu yaradılmalıdır:

"Düşünürəm ki, bizdə belə acı təcrübə var. Bir neçə dəfə bunun şahidi olmuşuq. MİDA ilə bağlı, İpoteka Fondunun resursu ilə bağlı olanları hamı xatırlayır. Bu məsələdə bir neçə dövlət qurumunun iştirakı vacibdir - resursu hazırlayan, onu testdən keçirən, dayanıqlığına cavab verən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, elektron xidmətin kefiyyətinə cavab verən ASAN, elektron dövlət quruculuğuna cavab verən Elektron Hökumətin İnkişafı Mərkəzi, resursun yerləşdiyi data mərkəz - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "AzInTelecom" MMC qurumu. Adını çəkdiyim və bir-biri ilə əlaqəli olan bu qurumlardan ibarət daimi fəaliyyət göstərən işçi qrup olmalıdır. Necə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, həmin iş bu sahədə də, elektron hökümət sahəsində də olmalıdır. Əlaqəli qurumların nümayəndələrindən ibarət Operativ Qərargah qurulmalıdır. Yaranan problemlərə dərhal müdaxilə olunub, həll edilməsi üçün operativ daimi fəaliyyət göstərən işçi qrupunun yaradılması zəruridir".

Sevda Ulutau / Redaktor.az

New satellite of Azerbaijan has serious impact on development of ...