Azərbaycanlıların telefonundakı erməni proqramı... - BİZDƏ NİYƏ YOXDUR?

 12:16 21.05.2020     3360

Artıq bir neçə gündür ki, Ermənistanın ən iri startapı "PicsArt" müzakirə mövzusuna çevrilib. İllik gəliri 30 milyon dollar olan tətbiq bu ilin fevralında "Tiktok" sosial şəbəkəsindən sonra ən çox yüklənən App olub. Sözügedən proqramı azərbaycanlı istifadəçilərdən də yükləyənlər az deyil. 

Azərbaycanın bu mövzuda danışa biləcəyimiz beynəlxalq səviyyəli hər hansı bir tətbiqi mövcud deyil. Gənc startapçılar bildirirlər ki, problem Azərbaycanda bu səhəyə maliyyənin ayrılmamasıdır. Digər tərəfdən isə yaxşı ideyaların, startap layihələrin olmaması da əsasdır.

Bəs reallıq nədir? Azərbaycan bu cür məsələlərdə niyə bir addım geridədir? Yaxşı ideyalar yoxdur, yoxsa investorlar?

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Redaktor.az-a bildirib ki, Azərbaycanda texnologiya və startapların inkişafında əsas problem ölkədə məhsulların yaradılması və texnoloji sahibkarlıq üzrə biliklərin sistemləşdirilməməsidir:

"Bu istiqamətdə Azərbaycanda təlimlər keçirilmir, biliklər verilmir. Proqramçılarımız var və həqiqətən onların səviyyəsi çox yüksəkdir. Lakin Azərbaycanda innovativ sahibkarlıq məhsulların yaradılması istiqamətində biliklərin həmin proqramçılarda olmaması, bu bilikləri özündə birləşdirən mütəxəssislərin azlığı bizə dünya səviyyəsində rəqabətli məhsulların yaradılmasına müəyyən mənada problemlər yaradır. Bu problemi həll etmək üçün isə ilk öncə Azərbaycanda sahibkarlıq üzrə təhsil sisteminin qurlması çox vacibdir. Qeyd oluna bilər ki, hər il onlarla, yüzlərlə sahibkarlıqla bağlı müəyyən tədbirlər keçirilir. Bunların hamısı xaotik xarakter daşıyır və sistemli tədris modeli üzərində qurulmur. Bu da onların biliklərində boşluqlar yaradırlar.

Digər məsələ isə investorların məsələyə ənənəvi yanaşmasıdır. Onlar startap sahəsinə qoyduqları investisiyanın böyük bir hissəsini götürməyə çalışırlar. Amma startap sahəsində bu investisiya modeli faktiki olaraq gələcək uğursuzluğun təsdiqi kimi özünü göstərir. Çünki belə olan halda startapı yaratmış komandanın payına daha az məbləğ düşür və nəticədə maraq azalır, ruh düşkünlüyü yaranır. Digər tərəfdən isə xarici investorların əksəriyyəti böyük investor payı olan startaplara girmirlər. Bu problemlərin həll olunması üçün də maarifləndimə işləri aparılmalı, onların bilikləri artırlmalıdır. Aidiyyatı dövlət orqanları bizim investorları maarifləndirməlidirlər ki, vençur investisiyaları necə olur, hansı istiqamətlərdə qurulur, bunu uğurlu etmək üçün hansı yollardan, hansı modellərdən istifadə etmək lazımdır".

DİQQƏT: Bunu edən xəbər saytı rəhbərləri həbs edilə bilər – Bu ...

Karantin müddətində hər kəs onlayn görüş proqramlarından istifadə edir. Amma bu tətbiqlər beynəlxalq səviyyəlidir. Hətta  "Zoom" proqramının zərərləri barədə də müxtəlif fikirlər mövcuddur. Bu cür proqramlar bütün ölkələrdə kütləvi şəkildə istifadə olunduğundan, məlumatların 3-cü tərəfə ötürülmə təhlükəsi də var. Lakin vacib videokonfransların keçirilməsi üçün sırf ölkədaxili tətbiqlərin mövcud olması informasiya təhlükəsizliyi və informasiyanın qorunması baxımından olduqca əhəmiyyətli məsələdir. 

Nəinki beynəlxalq səviyyəli, eləcə də ölkədaxili layihələrin zəifliyi məsələsinə gəldikdə İKT mütəxəssisi bildirib ki, bu cür məhsulların yaradılması böyük investisiyalar hesabına başa gəlir. Azərbaycan isə kiçik bazar olduğundan biznes nöqteyi-nəzərindən özünü doğrultmaya bilər: 

"Zoom proqramını "Cisco Webex"in in top menecerlərindən biri yaradıb. Bu məhsulun yaradılmasına milyonlarla vəsait qoyulub. Ona oxşar digər videokonfrans məhsulları sırasında “Teams”-in adını çəkmək olar. Bunlar iri şirkətlərin yaratdığı və milyonlarla invesitisiya ayrılmış proqramlardır. Azərbaycanda belə məhsullar yaratmaq istəsək, buna xeyli miqrdarda vəsait ayrılmalı idi. Və bu biznes nöqteyi nəzərindən özünü doğrultmazdı. Azərbaycan bazarı çox kiçikdir. Lakin məlumatların ötürülməsi məsələsi ilə razılaşmaq olar. Bu isə qlobal problemdir və təkcə Azərbayacanın problemi deyil. Məlumatların ötürülməsi məsələsinə də ikili yanaşma var. Birincisi sırf reklam xarakterli məlumatın ötürülməsidir. Məsələn, “Facebook” bir nəfərin profilini formalaşdırır və onu digər oxşar istifadəçilərə reklam kimi göstərir və s. İkincisi isə sizin məlumatlarınızın kiməsə verilməsidir. Bu problem isə iri şirkətlərdə demək olar ki, yoxdur. İnformasiya təhlükəsizliyi baxımından  yaxşı olardı ki, ölkədaxili məhsullar olsun. Belə məhsul hökumət tərəfindən dövlət qurumları üçün yaradıla bilər. Fikrimcə bu olmalıdır da. Çünki dövlət qurumlarının həyata keçirdiyi onlayn görüşlər, dövlət sirləri və informasiya təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır. Amma biz adi istifadəçilər üçün nəzərdə tuturuqsa, onda bu biznes nöqteyi-nəzərdən düzgün deyil".

Sevda Ulutau / Redaktor.az

Useful Microsoft Teams Tips and Tricks – MessageOps

Easy Ways Use the Zoom App for Meetings - wikiHow