Azərbaycana turist axını azalıb

 12:17 20.04.2021     812

Bu ilin yanvar-mart aylarında Azərbaycana 128 ölkədən 117,2 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Redaktor.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Ölkəmizə gələnlərin 33 %-i Rusiya, 27,9 %-i Türkiyə, 16,2 %-i İran, 10,6 %-i Gürcüstan, 2,4 %-i Ukrayna, 1,1 %-i Böyük Britaniya, 1,0 %-i Belarus, hər birindən 0,7 % olmaqla Qazaxıstan və Özbəkistan, 0,6 %-i Türkmənistan, hər birindən 0,5 % olmaqla İtaliya və Almaniya, 4,8 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 93,4 %-ni kişilər, 6,6 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan - 8,9 dəfə, Qazaxıstandan - 7,7 dəfə, Özbəkistandan - 5,2 dəfə, Rusiya Federasiyasından - 4,1 dəfə, Ukraynadan - 3,7 dəfə, Böyük Britaniyadan - 3,6 dəfə, Belarusdan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,6 dəfə azalıb.

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 19,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 45,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,5 dəfə azalaraq 4,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,9 %-i dəmir yolu və avtomobil, 25,8 %-i hava, 3,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.