Yeni turizm kompleksi yaradılır - Palçıq Vulkanları / AÇIQLAMA

 11:44 24.04.2021     1463

Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Yer kürəsində 800-ə qədər palçıq vulkanı mövcuddur. Onların isə təxminən 300-ə yaxın hissəsi ölkəmizin ərazisinə düşür. Xüsusilə də Xəzər dənizinin, Bakı və Abşeron yarımadasının, eləcə də Qobustan və Şamaxı rayonları ərazisində rast gəlinən palçıq vulkanları təbiət abidəsi kimi formalaşıb. 

Redaktor.az xəbər verir ki, palçıq vulkanlarının turizm üçün cəlbedilciliyi də xüsusi vurğulanır. Burada turizm kompleksinin yaradılması bu sahənin potensialını daha qabarıq şəkildə göstərə bilər. Palçıq vulkanlarının faydalarını, üstünlükləri barədə kifayət qədər geniş məlumatlar mövcuddur. 

Palçıq vulkanları həm elmi, həm də tibbi yöndən, o cümlədən, ekoturizm baxımından çox böyük əhəmiyyət daşıyır. Unikal təbiət abidəsi olan, sağlamlıq üçün min bir faydaları özündə cəmləşdirən, müalicəvi əhəmiyyətli palçıq vulkanları olan ərazilər diqqətdən kənarda qalmır.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Azadə Hüseynova bildirib ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır:

"Bu baxımdan Abşeron rayonunda yerləşən Palçıq Vulkanları turizm kompleksinin əsas məqsədi məhz ölkəmizin təbii sərvəti olan palçıq vulkanlarının dünyada tanınmasıdır. Bu kompleks həm yerli, həm də xarici turistlər üçün palçıq vulkanlarının əhəmiyyətinin öyrənilməsində, eləcə də təbliğində mühüm rol oynayacaq".

Qeyd edək ki, prezident İlham Əliyev Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməlinin qoyulması ilə bağlı tədbirdə iştirakı edib. //Oxu.az