Rusiya Azərbaycana aviareyslərin sayını artırır

 13:12 02.06.2021     6498

İyunun 10-dan etibarən Rusiya Yunanıstan, Azərbaycan, Ermənistan, Qətər, Özbəkistan, Tacikistan, Misir, Serbiya, Belarus və Almaniyaya aviareyslərin sayını artırır.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahından bildirilib.

Bildirilib ki, iyunun 10-dan Belarusla Moskva-Minsk marşrutu üzrə uçuşların sayının qarşılıqlı əsasda 10-dək artırılması barədə qərar qəbul edilib. Həmçinin, iyunun 10-dan etibarən Moskva-Afina marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaq, Azərbaycan (Moskva-Bakı), Ermənistan (Moskva-İrəvan), Qətər (Moskva-Doha), Özbəkistan (Moskva-Daşkənd) və Tacikistana (Moskva-Düşənbə) əlavə reys yerinə yetiriləcək, Misir (Moskva-Qahirə) və Serbiyaya (Moskva-Belqrad) isə həftədə yeddi uçuş həyata keçiriləcək.

Bundan başqa, Moskva-Münhen aviareysi də bərpa olunacaq.

Xatırladaq ki, iyunun 14-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva (Domodedovo aeroportu) və əks istiqamətdə xüsusi reyslərin sayını 2-dən 3-dək artıracaq. //APA