İtaliya turistlərin ölkəyə səfərini asanlaşdıracaq

 13:58 06.06.2021     8304

İtaliya bu yay mövsümündə ölkəyə turist axınını gücləndirmək üçün turist səfərlərini asanlaşdıracaq.

Redaktor.az xəbər verir ki, ölkənin turizm naziri Massimo Qaravalya pandemiya ilə əlaqədar tətbiq olunan bir sıra məhdudiyyətlərin turistlər üçün aradan qaldırılacağını elan edib. O bildirib ki, İtaliyaya səfər edən turistlərdə yay mövsümündə müddəti 48 saat deyil, 72 saat olan PCR testləri tələb olunacaq, bu da səfər öncəsi turistlərin gərginlik yaşamadan rahat testdən keçməsinə imkan verəcəkdir. Eyni zamanda, yay tətili mövsümünün müddəti də uzadılacaq və bu yolla ötən il turizm sektorunda itirilən vəsaitlərin bir hissəsinin bu il əldə olunacağına ümid edilir.

Həmçinin qeyd edilib ki, əgər İtaliyada tətil edən turistlərə vaksinasiya proqramı çərçivəsində peyvəndin ikinci komponenti tətbiq edilməli olarsa, bu zaman tətil bölgələrindəki tibbi mərkəzlər onlara bu xidməti təklif edəcəklər. Nazirin sözlərinə görə, hazırda səhiyyə sistemi peyvənd olunmaq arzusunda olan turistlərin immunizasiyasını həyata keçirmək iqtidarındadır.

Turizm mövsümünün müddətinin uzadılması və ölkədə vaksinasiya kampaniyasının sürətlə aparılması nəticəsində İtaliya hökuməti ötən il turizm sektorunda pandemiya nəticəsində itirilmiş 27 milyard avronun bu il ən azı üçdəbir hissəsi həcmində dövriyyəyə ümid edir. //AzərTac