Hansı ölkəyə getmək üçün hansı vaksini vurdurmalıyıq? - ARAŞDIRMA

 20:51 07.07.2021     16058

Pandemiya dövründə ciddi zərbə alan sahələrdən biri də turizm oldu. Virusun yayılmasınının qarşısını almaq məqsədilə ölkələr bir ildən artıq müddətdir ki, öz sərhədlərini bağlayıb. Son aylar ərzində vaksinasiya prosesi sürətləndikcə ölkələrarası gediş-gəliş bərpa olunmağa başlayıb. Lakin bbəzi ölkələrin vaksinlə bağlı xüsusi tələblər var. Məsələn, iddia olunur ki, "Sputnik V" vaksini olan şəxslər Avropa ölkələrinə səyahət edə bilməz.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Məlahət Abbasova bildirib ki, əgər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hansısa vaksini keçərli hesab edirsə, ölkələrin bunu qəbul etməməyi düzgün deyil:

“Bu halda insanlar bir neçə vaksin vurdurmalıdır. İnsan bədəni təcrübə mərkəzi deyil. Koronavirusa qarşı insanlara vurulan peyvəndlər əvvəlcədən ÜST tərəfindən təsdiq edilir. Əgər bu olmasaydı həmin vaksini heç bir dövlət almazdı”.

Tibbi ekspert Şəhla Balayeva isə bildirib ki, hər dövlətin peyvəndlə bağlı  tələbi var:

“Təsdiq edilən vaksinlərin keyfiyyəti eynidir. Yəni qəbul edilən peyvəndlərin həmin xəstəliyə qarşı immunitet yaratmaq qabiliyyəti var. Lakin hansısa ölkə bununla bağlı xüsusi tələb qoyursa, bu, siyasi məsələdir. Məsələn, Çin öz hazırladığı vaksindən istifadə edərək pandemiyanın qarşısını aldı. Sözügedən ölkədə koronavirusa yoluxanların sayı yox dərəcəsindədir. Bu da onu sübut edir ki, hətta hər kəsin şübhə ilə yanaşdığı Çin vaksinləri belə immunitet yarada bilir".

Turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, hər bir peyvənd insanlar üzərində test edilməzdən əvvəl dəfələrlə yoxlanılır və sınaqlar aparılır:

“Ola bilsin ki, siyasi məsələlərə görə ölkələr bəlli vaksinləri tanımaqdan imtina edir. Əgər ÜST vaksinin risk daşımadığını təsdiq edirsə, deməli bu həqiqətən də belədir. Azərbaycan da beynəxalq təşkilatların təsdiq etdiyi vaksinləri alıb. Vaksinləşmənin coğrafiyası genişləndikdən sonra PCR analizlərinə ehtiyac qalmayacaq. Bir müddət sonra indi məcburi olan PCR analizi artıq məcburi olmayacaq. Bunun əvəzinə beynəlxalq uçuşlar zamanı hamıdan COVID-19 pasportu tələb ediləcək. Burada söhbət təsdiq edilən vaksinlərdən gedir”.

Şəbnəm Mehdizadə