Naftalanda yeni otel kompleksi açıldı - FOTO

 12:48 19.02.2022     19383

Naftalanda yeni otel açılıb.

Redaktor.az xəbər verir ki, şəhər icra hakimiyyətindən verilən məlumata görə, təxminən 1 hektar sahəsi olan mərkəzin tikintisinə 2018-ci ildə başlanıb, görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Mərkəz 2 ədəd 6 mərtəbəli binadan, 114 otaqdan ibarətdir. Müasir standartlara cavab verən inventar avadanlıqlarla təchiz olunmuş otel kompleksində gündəlik 240 turist gecələyə biləcək. Həmçinin mərkəzi digərlərindən fərqləndirən xidmətlərdən biri də sualtı dartma müalicəvi hovuzunun mövcud olmasıdır ki, bu da buraya gələn xəstələrin daha keyfiyyətli müalicə almalarına şərait yaradacaq.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, deputat Müşfiq Cəfərov, Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam, Dövlət Turizm Agentliyi Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, kompleksin direktoru Hatəm Qocayev, şəhər icra hakimiyyətinin məsul işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları kompleksdə yaradılmış şəraitlə və turistlərə göstəriləcək xidmətlərlə tanış olublar.

İcra başçısı otel rəhbərliyini və kollektivini təbrik edərək vurğulayıb ki, Prezident İlham Əliyevin ölkədə apardığı iqtisadi islahatlar nəticəsində sahibkarlar üçün yaradılan şərait, həmçinin ölkədəki iqtisadi–sosial sabitlik, paytaxt Bakı ilə yanaşı, regionlarda da investorların böyük həcmdə investisiya yatırmalarına zəmin yaradıb. Həmçinin bu gün dövlət başçımızın diqqət və qayğısının, məqsədyönlü siyasətinin nəticəsidir ki, Naftalan şəhəri gündən-günə daha da inkişaf edir, beynəlxalq turizm mərkəzinə çevrilib. Bu cür müasir Müalicə Mərkəzinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, şəhərin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Son illər bölgələrdə müasir hotel və müalicə sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, əcnəbi turistlərin və yerli turistlərin sayının artmasına da böyük təkan verir.

Ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, burada da işə götürülənlər arasında şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər də var.

2222