Təyyarə ilə xarici ölkələrə gedənlərdən bunlar TƏLƏB OLUNUR

 12:27 04.06.2022     6432

Məlum olduğu kimi, Azərbaycana səyahət edən şəxslərdən PCR testinin tələb olunması ləğv olunub.

Lakin Yaşı 18-dən yuxarı olan sərnişinlərin COVID-pasportu (tam vaksinasiya olunması (yalnız “J&J/Janssen və Sputnik Light” vaksinlərinin bir dozası), COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədin) və ya COVID-19 peyvəndinə qarşı əks göstəriş sertifikatı təqdim olunmaqla. COVID-pasportu, immun sertifikatı və ya COVID-19 peyvəndinə qarşı əks göstəriş sertifikatı elektron yoxlama xüsusiyyətlərinə sahib olmalı və yalnız dövlət tərəfindən verilməlidir. Bu sənədlər hava limanında qeydiyyat masasında yoxlanılacaq.

Bəs, Azərbaycandan təyyarə ilə xarici ölkələrə səyahət edən şəxslərlə bağlı hansı tələblər var? Bizim ölkədən gedərkən PCR testi, COVİD pasportu və ya immun sertifikatı tələb olunur?

Redaktor.az-a açıqlama verən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənli dedi ki, vətəndaş hansı ölkəyə uçursa, həmin ölkənin qaydalarına əməl etməlidir:

“O baxır hansı ölkəyə uçursunuz və onların qaydalarına. Vətəndaşlar bu qaydaları səfirlikdən, onların dövlət saytlarından və s. öyrənə bilər. Bizim saytda uçuş həyata keçirdiyimiz ölkələrin qaydaları qeyd olunub”. 

Turizm eksperti Ramin Zamanov isə bildirdi ki, vətəndaş hansı ölkəyə səfər edirsə, həmin ölkənin tələblərindən asılıdır:

“Əgər səfər edəcəyi ölkə onu tələb etmirsə, hava limanında da o tələb onun üçün olmur. Həmin ölkələrin Xarici İşlər Nazirliyinin saytında məlumatlar olur. Yaxud da burada həmin ölkənin səfirliyinə müraciət edə, oradan öyrənə bilər. Ya da müraciət etdiyi turizm şirkətinin meneceri ona o barədə məlumat verir.

İnternet vasitəsilə də onu öyrənmək olar. Hava limanı bu şərtləri idarə edən bir qurum deyil. Hava limanı sadəcə o şərtləri buradan uçan hər hansısa vətəndaşa deyir ki, sən bu ölkəyə gedəndə bunu səndən istəyəcəklər. Vaxtilə Azərbaycana gələndə PCR test tələb olunurdu. Həmin vaxt hansı ölkədən bizə gələn, səfər edən turistlər ona əməl edirdilər. Biz artıq onu ləğv etdik, turistlərdən də tələb olunmur”.

“GO Travel” turizm şirkətindən isə bildirildi ki, Türkiyəyə səfər etmək istəyən vətəndaşlar üçün COVİD pasportu vacib deyil:

“COVİD pasportunuz yoxdursa, PCR testi ilə gedə bilərsiniz. Gələndə isə heç nəyə ehtiyac yoxdur. Türkiyədə COVİD pasportu yoxdursa, PCR testi tələb olunur. COVİD pasportu varsa, fərq etmir”.

Avropa ölkələrinə səfərə gəlincə, turizm şirkətindən bildirildi ki, o ölkələr mütləq şəkildə COVİD pasportu tələb edir:

“Avropa ölkələrinə getsəniz vaksin tələb olunacaq. 3 doza vaksin olunmalısınız. Demək olar ki, hamısında tələb olunur. Ən azından 2 doza olmalıdır.

Böyük ehtimalla yaxın günlərdə PCR testi, COVİD pasportu kimi tələblər yığışdırılacaq”.

Zərif Ülviqızı